“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunda “Tottenhem”lə qarşılaşacaq. Sentyabrın 26-da Londonda keçiriləcək görüşə saat 23:00-da start veriləcək.
Futbolpress.az xəbər verir ki, İngiltərə klubu “Qarabağ” üçün tanış rəqibdir. “Atlılar” daha əvvəl – 2015-ci ildə Avropa Liqasında “Tottenhem”lə qarşılaşıb. Qrup mərhələsində üz-üzə gələn komandaların duelində ingilislər üstün olub – 3:1, 1:0.
“Qarabağ” bundan əlavə, daha iki dəfə Premyer Liqa klublarına rəqib olub. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 2017-ci ildə Çempionlar Liqasının qrup mərhələsində “Çelsi”yə iki oyunda da uduzub – 0:6, 0:4.
Azərbaycan çempionunun ingilislərlə son dueli isə 2018-ci ildə Avropa Liqasında olub. Yenə qrupda londonlulara rəqib olan “Qarabağ” hər iki matçda məğlub olub – 0:3, 0:1.
“Qarabağ”ın 7-ci oyunu “Tottenhem” səfərində olacaq. Buna qədər ingilislərlə baş tutan bütün görüşləri uduzan “atlılar” yeganə qolunu da məhz Londonda “Tottenhem”ə vurub.
“Qarabağ” oyun üçün bu gün Londona yollanacaq.