“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsinə məğlubiyyətlə başlayıb. Qurban Qurbanovun yetirmələri Londonda “Tottenhem”lə bacarmayıb – 0:3.
Matçdan öncə favorit göstərilən İngiltərə klubu oyunun əvvəlində 10 nəfərlə qalmasına baxmayaraq, təcrübə və keyfiyyət sözünü dedi. “Qarabağ”ın oyunçularının səhvi nəticəsində vurulan birinci qoldan sonra “atlılar” daha çox hücum edən tərəf olsa da, fərqlənə bilmədi. Xüsusilə, ilk hissənin sonlarına yaxın Olaviyo Juninyonun real qol şansından yararlanmaması komandada ruh düşkünlüyünə səbəb oldu. İkinci hissəyə də təmsilçimiz yaxşı başlasa da, fərqlənən rəqib oldu. “Tottenhem” oyunçuları azlıqda olmalarını hiss etdirmədən qollar vurdu. Ümumi götürəndə “Qarabağ”ın daha çox qol şansı olmasına baxmayaraq, hücumda bitiriciliyin olmaması əsas diqqət ediləsi məqamlardandır. Rəqibin ikinci qolundan sonra “Qarabağ” penalti qazansa da, fürsətdən yararlana bilmədi. Dəqiq ola bilməyən Toral Bayramov geridönüş şanslarını suya atdı. Bəlkə, bu qol olsaydı, “Qarabağ” daha ruhlana, növbəti qolu vura bilərdi. Hərçənd, oyun bitdi və fikirlər heç nəyi dəyişməyəcək.
Dəyişiləsi məqamlar isə çoxdur. Son matçlarda “Qarabağ”da fərdi səhvlər artır, hücumda kifayət qədər şanslar boşa verilir. Qurban Qurbanov bu problemləri görür və aradan qaldırmağa çalışacaqdır. “Tottenhem” səfərində yaxşı fürsət varkən (qırmızı vərəqə, penalti və qaçırılan imkanlar) Londondan xalsız qayıtmaq məyusedicidir. Buna baxmayaraq, qarşıda hələ 7 oyun var və şanslar davam edir.
Ötən mövsümün ən yaxşılarından olan Olaviyo Juninyonun məhsuldarlığı aşağı düşüb. Braziliyalı bu matçda da kifayət qədər epizodu boşa verməklə yadda qaldı. Cinahlarda da axsaqlıq hiss edilir. Yeni transfer Emmanuel Addai sonradan oyuna daxil olsa da, fərq yarada bilmədi. Yarımmüdafiədə Julio Romanın səhvləri artmaqdadır. Qapıçı Koxalski isə hələ ümidləri doğrultmur.
Problemlər fonunda “Qarabağ”ın Londonda sərgilədiyi oyunu qənaətbəxş hesab etmək olar. Nəticə hər nə qədər məyus edirsə, meydandakı oyun nələrəsə ümid etməyə imkan verir. Qarşıda İsveçin “Malmö” komandası ilə ev oyunu var və artıq itirlən xaldan sonra azarkeşlər önündə qələbə qazanmaq vacib olacaq.
Kamil Əhməd