Lökbatanda çempionluq oyunu

Azərbaycan I Liqasında bu gün XXVI tura yekun vurulacaq.

“FutbolPress” xəbər verir ki, lider “Qaradağ Lökbatan” doğma meydanında “Şamaxı”nı qəbul edəcək. Lökbatan təmsilçisi qələbə qazanacağı halda, sona bir tur qalmış çempionluğunu rəsmiləşdirəcək.

Ötən mövsüm Premyer Liqada sonuncu olaraq aşağı liqaya yuvarlanan “şirlər” isə mütləq qələbə qazanmalıdır. Ramiz Məmmədovun rəhbərlik etdiyi kollektiv heç-heçə etsə belə, son turda rəqibinin xal itirməsini gözləyəcək.

Komandalar bu mövsüm buna qədər iki dəfə üz-üzə gəlib və bərabərlik qeydə alınıb – 1:1, 2:2.

I Liqada çempion olan komanda yeni mövsümdən Premyer Liqada mübarizə apara bilər. “Şamaxı” öncədən elitada oynayıb və qızıl medallar olacağı halda, APL-də iştirak hüququ əldə etmək çətin olmayacaq. “Qaradağ Lökbatan” isə neçə ildir, aşağı liqada yaxşı performans sərgiləsə də, lisenziya tələblərini qarşılaya bilmir və elitaya yüksəlmirdi. Kuluarlarda dolaşan söhbətlərə görə I Liqa klubunda lisenziya problemi yoxdur və çempionluq qazanılacağı halda, elitada oynamaq mümkün olacaq.

Bu gün baş tutacaq oyuna saat 17:00-da start veriləcək. “Qaradağ Lökbatan” 53 xalla birinci, “Şamaxı” isə 51 xalla ikincidir.