“Qarabağ” bu gün Çempionlar Liqasında mübarizəyə başlayacaq.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Cəbəllütariqdə “Linkoln”la üz-üzə gələcək. Görüşə saat 20:00-da start veriləcək.
“Linkoln” “Qarabağ” üçün tanış addır. “Atlılar” ötən il Çempionlar Liqasının I təsnifat mərhələsində də bu komanda ilə üz-üzə gəlmiş və iki oyunun nəticəsinə görə, mərhələ adlamışdı.
Ümumiyyətlə, “Qarabağ” son illərdə avrokuboklara uğurlu start verib. Komanda son 5 mövsümün 4-də avrokubok ilini Çempionlar Liqasında açıb. Yalnız 2021/22 mövsümündə Konfrans Liqasında yarışan “Qarabağ” burada da uğurlu start verib.
“Qarabağ”ın avrokuboklardakı ilk matçları son iki mövsümdə məhsuldarlığı ilə seçilir. Komanda 2022/23 mövsümündə “Lex”ə (Polşa) və 2023/24 mövsümündə “Linkoln”a 5 qol vuraraq, mərhələ adlayıb.
Bugünkü görüşün də aşkar favoriti “Qarabağ”dır. “Linkoln” həm heyətinə, həm də avrokubok təcrübəsinə görə “atlılar”dan geri qalır. Yay hazırlığını Avstriyada keçirən “Qarabağ” son iki yoxlama matçında inamlı qələbə qazanıb – “Slaven” (Xorvatiya) – 1:0, “Əl Şabab” (Birləşmiş Ərəb Əmirlikləri) – 5:2.
Qurbanovun komandası hər mövsüm eyni ciddiyətlə avrokuboklara start verir. “Linkoln” nə qədər zəif görünsə də, ehtiyatsızlıq komandanı çətinə sala bilər. Cəbəllütariq təmsilçisi kompakt müdafiəsi ilə diqqət çəkir və “Qarabağ”la matçda da əsas gücü müdafiəyə verib, əks-hücumlardan fərqlənməyə çalışacaq.
2023/24 mövsümü
Linkoln (Cəbəllütariq) – Qarabağ (1:2, 0:4)
2022/23 mövsümü
Lex (Polşa) – Qarabağ (1:0, 1:5)
2021/22 mövsümü
Konfrans Liqası: Aşdod (İsrail) – Qarabağ (0:1, 0:0)
2020/21 mövsümü
Qarabağ – Sileks (Şimali Makedoniya) (4:0)
2019/20 mövsümü
Partizani (Albaniya) – Qarabağ (0:0, 0:2)