Azərbaycan Premyer Liqasında yeni mövsümdən legioner limiti tətbiq edilməyəcək. Klublar istəsələr, start heyətdə 11 əcnəbi oyunçuya yer verə biləcək.
Limitin ləğvinin lehinə olanlar da var, əleyhinə də. Kimisi düşünür ki, legionerlərin gəlişi çempionatın səviyyəsini qaldıracaq, kimisi də yerli oyunçuların diqqətdən kənarda qalacağı fikrindədir.
Bəs, limitin ləğvi akademiyalara necə təsir edəcək? Klublar legionerlərə üstünlük verəcəksə, gənclərin taleyi necə olacaq? “Sabah” klubunun akademiyasının koordinatoru Təbriz Həsənov “Futbolpress.az“a açıqlamasında məsələ haqda fikirlərini bölüşdü:
“Akademiyamız işə başlayandan işimiz ölkə futboluna keyfiyyətli gənclər yetişdirməkdir. Bu istiqamətdə daim üzərimizdə çalışır, işlərimizi yaxşılaşdırırıq. Legioner limitin ləğvi işiminə mənfi təsir etməyəcək. Məşqçilər daha səylə çalışmalı, məsuliyyətli olmalıdır ki, akademiyamızın yetirmələri əsas komandada legionerlərlə mübarizə apara bilsinlər. Onlar eyni zamanda xarici çempionatlarda oynamaq gücündə də olmalıdır. Buna görə düşünürəm ki, limitin ləğvi işimizə hansısa təsir göstərməyəcək”.
Şahin Cəfərov