Azərbaycan Premyer Liqasında XV tur başa çatıb.
Lider “Qarabağ”la ikinci “Araz-Naxçıvan”ın qələbə qazandığı turda “Kəpəz” sonuncu sıradan qurtuldu, “Sabah” və “Zirə” isə turlar sonra qələbə qazandı.
Araz-Naxçıvan – Turan Tovuz 1:0
Premyer Liqada “Araz-Naxçıvan” fırtınası davam edir. Elmar Baxşıyevin yetirmələri ən yaxın izləyicisi “Turan Tovuz”a qalib gəlməklə mövqeyini möhkəmləndirdi, qələbə seriyasını artırdı. Nəticəyə hesablanan oyunla rəqiblərini əliboş yola salan naxçıvanlılar qələbə sayəsində qış fasiləsinə “üçlük”də daxil olmağı təmin etdi.
“Turan Tovuz” isə mühüm oyunda vacib xallar itirdi. Avrokuboklara vəsiqə yolunda əsas rəqiblərindən olan “Araz-Naxçıvan”a diş keçirə bilməyən tovuzlularda heyətlə bağlı problem yenidən ön plana çıxdı. Ehtiyat qüvvəsi zəif olan “Turan Tovuz”da baş məşqçi Kurban Berdıyevin oyunu dəyişmək üçün kifayət qədər “silahı” yoxdur. Komandanın qış fasiləsində güclənməyə ehtiyacı var. Əks halda, “üçlük”də qalmaq çətin məsələyə çevriləcək.
Sabah – Səbail 1:0
“Sabah”ın yeni baş məşqçisi Vasili Berezutskinin Premyer Liqada debütü uğurlu alındı. Rusiyalı mütəxəssis çətin günlərini yaşayan “Səbail”ə minimal hesabla qalib gəlməklə “bayquşlar”ın 7 oyunluq qələbəsizlik seriyasını bitirdi. Mütəxəssisin oyun planında hansısa işi görünmədi. Komandaya yeni baş məşqçi təyin edilən Vasilinin öz sistemini aşılamaq üçün vaxta ehtiyacı var.
“Səbail”in enişi isə davam edir. “Sabah”la oyunda demək olar, qol epizodu yarada bilməyən “dənizçilər” bu məğlubiyyətlə sonuncu sıraya yuvarlandı. Komanda indiki məqamda çempionatda ən zəif oyun göstərən kollektivdir. Baş məşqçi Cavid Hüseynov heyətin kasadlığından və zədəlilərin çoxluğundan şikayət edir.
Şamaxı – Kəpəz 0:1
“Şamaxı” özünə gələ bilmir. Mövsümün startında nəticələri ilə futbol ictimaiyyətini təccübləndirən “şirlər” son turlardakı itkilərdən sonra autsayderlər qrupuna qədər geriləyib. “Kəpəz”lə oyuna favorit kimi çıxan komanda rəqibinə diş keçirə bilmədi. İkinci hissədə aktivliyi ilə seçilən gəncəlilər qələbə qolunu vurmaqla rəqibinə daha bir zərbə endirdi. Ardıcıl məğlubiyyətlər yerli fanatları da qəzəbləndirib və mövsümdə ilk dəfə “Şamaxı” tribunalarından baş məşqçi Ayxan Abbasov istefaya səsləndi.
Azər Bağırovun “Kəpəz”i isə mövsümdə birinci dəfə “zirzəmi”dən qurtuldu. Çətin səfərdə əzmkar qələbəyə sevinən gəncəlilər “Səbail”i ötdü və 9-cu sıraya yüksəldi. “Kəpəz”in oyununda artım var və döyüşkən kollektivə çevrilən “sarı-göylər” Şamaxıda ağıllı oyunla üç xalla qazanan tərəf oldu.
Zirə – Sumqayıt 4:1
“Zirə” də “Sabah” kimi turlar sonra qələbəyə sevindi. Ardıcıl üç matçda məğlub olmuş “qartallar” “Sumqayıt”la ev oyununa mütləq qələbə hədəfi ilə çıxmışdı. Oyunun ilk dəqiqələrindən nəzarəti ələ alan və erkən hücumlarla qol axtarışına çıxan qəsəbə təmsilçisi inamlı oyunla qələbə qazandı. Rəşad Sadıqovun yetirmələri layiq olduğu qələbəni əldə etdi.
“Sumqayıt” isə Vaqif Cavadovun rəhbərliyi altında uğurlu seriyasının davamını gətirə bilmədi. “Zirə”nin fərqlənməsindən sonrsa hesabı bərabərləşdirməyi bacaran “kimyaçılar” ikinci hissədəki zəif oyunu ilə məğlubiyyətdən qaça bilmədi. “Sumqayıt”da heyət yetərsizliyi var və komanda bunun ağrısını yaşayır.
Neftçi – Qarabağ 0:3
Turun mərkəzi görüşü favoritin qələbəsiylə yekunlaşdı. Oyunun startından sona qədər üstün futbol nümayiş etdirən “Qarabağ” layiqli qələbəyə sevindi. “Neftçi” xüsusilə əks-hücumlarda fərq yaratmağa çalışsa da, istəkləri alınmadı. Hücumda sonluğu qoya bilməmə problemi komandanın meydanı xalsız və qolsuz tamamlamasına səbəb oldu.
Samir Abasovun yetirmələri qeyri-stabil nəticələrə davam edir. Tarixinin ən pis mövsümünü keçirən “ağ-qaralar”da vəziyyəti düzəltmək üçün ciddi çalışmalara ehtiyac var.
Şahin Cəfərov