Azərbaycan Premyer Liqasında 5 tur başa çatıb. Çempionata milli komandaların oyunları ilə əlaqədar iki həftəlik fasilə verəcək.
5 turdan sonra lider “Turan Tovuz”dur. Kurban Berdıyevin kollektivi bu görüşlərdə 4 qələbə qazanıb, 1 heç-heçə edib. Tovuz təmsilçisi qol buraxmayıb və ilk 5 turun ən yaxşı komandasıdır. Aktivində 13 xal olan “Turan Tovuz” ən yaxın izləyicisi “Sabah”ı 3 xal qabaqlayır.
Çempionatın ən zəif bəndi isə “Kəpəz”dir. Gəncə təmsilçisi beş turda xal qazana bilməyib və eyni zamanda cəmi 2 qol vurub. “Kəpəz”lə yanaşı, “Neftçi” də 2 qol vurub və komandalar arasında məhsuldarlığı ən aşağı olan iki kollektiv məhz bunlardır.
APL-də geridəqalan müddətdə “Zirə”nin hücumçusu Davit Volkov və “Sabah”ın vingeri Coy-Lens Mikels 3 qolla bombardirlik siyahısında şərikli liderdirlər.
“Qarabağ” və “Sabah” 5 turun ən çox qol vuran komandası (10 qol), “Kəpəz” isə ən çox qol buraxanıdır (15 qol).
Yaranmış fasilə xüsusilə autsayderlər qrupunda yerləşən komandalar üçün fürsətdir. Yeni transferləri uyğunlaşma problemi qabardılan “Neftçi”, “Sumqayıt”, “Kəpəz” və “Səbail”in fasilədən sonrakı çıxışı maraqla gözlənilir. Məşqçilərin önündə iki həftə vaxt var və bu komandalardan yığmalara yollananların sayı çox azdır. 14 günlük müddət daha yaxşı hazırlaşmaq üçün fürsətdir və fasilədən sonra kimin bundan necə yararlandığını görəcəyik.
Kamil Əhməd