“Legioner limitinin ləğvini futbolumuz üçün faciə hesab edirəm”

Azərbaycan Premyer Liqasında yeni mövsümdə legioner limiti ləğv ediləcək. Bu barədə AFFA İcraiyyə Komitəsinin dünən baş tutan iclasında qərar qəbul edilib.

Qurumun sabiq üzvü Yaşar Sultanov “Futbolpress.az“a açıqlamasında qərarla bağlı fikirlərini bölüşdü:

“İcraiyyə Komitəsinin belə tələsik toplanması, ekspromt qərarların verilməsi təəccüb doğurdu. Legioner limitinin ləğvini futbolumuz üçün faciə hesab edirəm. Zənnimcə, milli komandamızı və aşağı yaş qruplarını bugünkündən daha ağır nəticələr gözləyir”.

Sultanov Premyer Liqada yeni mövsümdən komanda sayının 10-dan 12-yə artırılması qərarına toxundu:

“12 komandalı çempionatın hansı reqlament üzrə keçiriləcəyi sual doğurur. 16 komandanın olmasını və ikidövrəli yarışın təşkil edilməsini daha məqbul hesab edərdim. Bu halda çempionatın coğrafiyası genişlənər, yerli futbolçulara daha uyğun şərait yaranardı”.

İK iclasında Azərbaycan futbolunun İnkişaf Strategiyası da təsdiqlənib. Layihə ilk oxunuşda olduğu kimi qəbul edilib. Sultanov strategiya haqda bunları dedi:

“Görünür ki, AFFA İcraiyyə Komitəsi vacib məsələləri kənarda saxlayır, yalnız açıq səsvermə ilə təsdiqedici orqan rolunu oynayır. Bu, quruma olan inamı azaldır. Belə vacib məsələlərin öncədən mütəxəssislərlə müzakirə edilməsi daha məqsədəuyğun olardı”.

Şahin Cəfərov