Legioner limiti ləğv edilməlidirmi?

FutbolPressKlublar Komitəsi uzun sürən susqunluqdan sonra bir araya gəldi. Əsas mövzu da legioner limitinin dəyişdirilməsi ilə bağlı oldu. Gözləmək olardı ki, prioritet məsələ kimi uşaq futbolunun bərbad vəziyyətdə olması müzakirəyə çıxarılacaq. Olmadı.
 
Doğrudanmı Azərbaycan futbolunda ən böyük problem çempionatda legioner sayının azlığıdır?
 
– Limitin aradan götürülməsi, dəyişdirilməsi arqumentlərini ortaya qoyanlar haqlıdırlarmı?
– Klubların maliyyə böhranı yaşadığı məqamda xaricdən futbolçu axını nəyə xidmət edəcək?
– Baş versə, klublarımız daimi Çempionlar Liqasının qruplarında çıxış edəcək, daha irəli gedəcək?
 
Məsələni araşdırdıq.
 
Azərbaycan çempionatında dəfələrlə limit dəyişdirilib. Hətta limitin tamamilə ləğv edildiyi dönəm də olub. Bundan sui-istifadə edənlər olsa da, nümunəvi siyasət yürüdən “Qarabağ” klubu əksəri yerli futbolçulardan qurulmuş heyətlə avroliqanın pley-off mərhələsinədək irəliləyə bilmişdi. Limitsizlik olsa da, komandanı xarici futbolçularla doldurmayan “Qarabağ”ın ayaqda durmasının, ildən-ilə irəli getməsinin mərkəzində doğru klub strategiyası dayanır.
 
Legioner limiti tarixi:
 
– 2006-2007-ci illər:  8+3 (yerli/legioner)
– 2008-2010: limitsiz
– 2010-2012: 8+3
– 2013-2014: 7+4
– 2014-dən: 6+5
 
Limit mövzusu manipulyasiya məqsədli olarsa…
 
Hanı 11 legionerlə bir mərhələ keçən “Karvan”, heyətini əcnəbilərlə zənginləşdirən “Xəzər Lənkəran”, “Bakı”, “MKT-Araz”? Həmin dönəmlərdə “İnter” (Sonradan “Keşlə”yə və “Şamaxı”ya çevrilən – red.) 33 futbolçu ilə rekord sayda heyət formalaşdırmışdı və onun yarıdan çoxu – 25 nəfəri legioner idi. AFFA-nın strateji yanlışlıqları nəticəsində saxta giqanta çevrilən bu tip klublar “şişib partladılar”.  Məhz legioner limiti mövzusunda sabit siyasətin yürüdülməməsi və bu kimi əhəmiyyətli detallarda proqramsızlıq dövlətin futbolun inkişafı üçün tanıdığı imkanların xaotik istismarına gətirib çıxardı.
 
Son 10 ildə üç klubumuz – “Qarabağ” 8 dəfə ardıcıl olmaqla, “Neftçi” (1), “Qəbələ” (2) avrokuboklarda qrup mərhələsinədək irəliləyib. Ancaq “atlılar”dan başqa bu mənada sabitliyi, inkişafı təmin etməyi bacaran klub olmayıb. Bu illərdə limit 7+4/6+5 kimi dəyişikliklərə məruz qalsa da, yalnız “Qarabağ” hər formata uyğun siyasəti doğru qurmağı bacarıb və uğurların davamı gətirilib.
 
Fikir versək, legioner limitinə son dəyişiklik 2016-cı ildə olub. Ondan əvvəlki tarixə nəzər yetirdikdə tez-tez format yenilənmələrinin olduğunu görürük. Sanki, yerli futbol industriyasında maliyyə azaldıqdan sonra limiti “barmaqlamaq” da əhəmiyyətini itirib. Bu zaman ərzində təəssüf ki, bir klub istisna olmaqla, işi doğru quran olmadı və həm həmin klubların, həm də ölkə futbolunun taleyinə ağır təsirlər göstərdi…
 
Avropadan nümunələrə baxsaq, Danimarka, Xorvatiya, Serbiya, Belçika kimi ölkələrdə fərqli sistemlərin tətbiq edildiyi görərik. Ancaq bir cəhət isə hamısında eynidir –  prioritet uşaq futbolu, futbolçu yetişdirməkdir.
 
Azərbaycanda vəziyyət nə yerdədir?
 
AFFA-nın tez-tez açıqladığı bir statistika var – qeydiyyatda olan futbolçu sayı. Son statistikaya görə, ölkədə 200 min futbolçu var. Lakin keyfiyyətli futbolçu gün işığında çıraqla axtarılsa da, tapılmır. Bəlkə Klublar Komitəsi bu futbolçuların axtarışına çıxsaydı, müzakirələr aparılsaydı, daha yaxşı olardı…s
 
Klublardan mövzuyla bağlı verilən açıqlamalar fərqli düşünməyə sövq edir. Limitin tamamilə götürülməsi fikrini müdafiə edənlər əsasən uğursuz nəticələrə düçar olan klublardır. Limit götürülsə, necə olacaq? Bu halda maddi imkanı normal klublarla büdcəsi məhdud olanlar arasında kosmik fərqin əmələ gələcəyi ehtimalı fikirləri qarışdırır. Ən iddialı, imkanlı “Qarabağ”dır, lakin  düşərgəsindən legioner limitinin götürülməsi haqda açıqlamalar gəlmir. Bəs digər klublardan niyə gəlsin ki?
 
Araşdırmalar göstərir ki, indiki dönəmdə Azərbaycan futbolu üçün ən optimal variant hazırkı limit – 6+5 və ya 7+4 versiyasıdır. Limitsizlik iddiasının əsaslı fayda gətirməyəcəyini 2008-2010-cu illər aralığı sübut edib. Həmin ərəfələrdə ölkə çempionatında indikindən qat-qat imkanlı klublar olsa da, limitsizlik imkanından heç biri doğru faydalana bilmədi və nəinki avrokubokların qrup mərhələsi, əksər halda bir mərhələ adlamaq belə, müşkülə çevrilmişdi. Buna klub idarəçiliyindəki nöqsanların da ciddi təsiri var idi, ancaq bəhs edilən problem günümüzdə də mövcud olduğuna görə limitsizlik tətbiqinin əhəmiyyət daşımadığını görmək olar.
 
Yaş limiti…
 
21 yaşadək futbolçunun mütləq start heyətində oyuna çıxması, oyunboyu bir limit futbolçusunun meydanda olması şərti haqda müzakirələr açmaq, buna yenidən baxmaq olar. Yaxud I Divizionda limit məsələsinin müzakirə edilməsi də vacibdir, həmçinin Premyer Liqa klublarının Divizionda 2-ci komandalarının iştirakındansa, əvəzedici heyətlərin oynaması (əvəzediçilərin çempionatı – red.) sisteminə geridönüş haqda düşünmək lazımdır. Çünki getdikcə azalan keyfiyyətli futbolçu yetişdirilməsi prosesinin gələcəkdə acı nəticələri qarşısında aciz qalmamaq üçün mövcud gənc/yeniyetmə futbolçu potensialının oynaması, inkişaf etməsi üçün meydan açmaq gərəkdir.
 
Yekun
 
Limitin ləğv edilməsi klublarımıza mütəmadi avrokubokların qrup mərhələsinə yüksəlmək qarantı vermir, bunu tarix də əyani şəkildə göstərib. Həmçinin bu vəziyyət yerli futbolçu potensialının inkişafına indikindən daha pis təsir edəcəyi əlamətlərini aşkar büruzə verirsə, limitsizliyin tətbiqi məntiqli görünmür. Həm də Azərbaycan futbolunun indiki maddi durumu limitsizliyin klubarı əhəmiyyətli dərəcədə gücləndirəcəyinə ümid vermir. Regionlarda klublar yaradılmalı, klub sayı artırılmalıdır. Klub az olanda yetişdirilən futbolçunun oynaması üçün meydan da məhdud olur. Deməli, Azərbaycan futbolunun inkişafı, nəticələrin yaxşılaşması üçün legioner limitinin ləğvindənsə, klub sayının artırılması daha çox vacibdir.

Elçin Cəlilov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu