Latviyaya gedən azərbaycanlı: “Çox komanda məni götürməyə risk etmir”

Azərbaycanlı futbolçu Nazim Məmmədzadə Latviyanın “Qrobina” komandasına keçib.

23 yaşlı müdafiəçi dünən “Auda” ilə çempionat görüşündə meydana çıxıb. Məmmədzadənin debütü uğurlu alınıb və komandası 1:0 hesablı qələbə qazanıb.

Məmmədzadə “FutbolPress“ə açıqlamasında debütünü şərh etdi:

“Həqiqətən, ilk oyunum yaxşı keçdi. Bizdən güclü komandaya qarşı oynadıq və qələbə qazandıq. Qoldan sonra müdafiə olunaraq, sonda sevinən tərəf ola bildik”.

Nazim son olaraq Azərbaycanda MOİK-də çıxış edib. O, I Liqadan təkliflərinin olmasına baxmayaraq, legioner həyatı yaşamağı seçdiyini dedi:

“Premyer Liqadan yox, I Liqadan variantlar var idi. Sadəcə istəmədim. Özümü əsas liqa oyunçusu kimi görürəm. Bu səbəbdən Latviyaya yollandım”.

“Neftçi”nin yetirməsi olan müdafiəçi daha əvvəl Şimali Makedoniyada “Renova”, İspaniyada “Moralo”, “Marino Luanko”da legioner olub. Futbolçu Azərbaycanda “Neftçi”nin əvəzedici komandasından başqa MOİK və “İrəvan”da qısa müddət oynayıb. Daha çox ölkə xaricində top qovan Nazim Azərbaycanda əsas hədəfinin Premyer Liqada oynamaq olduğunu bildirdi:

“Niyə alınmadığımı deyə bilmərəm. Klublarla mübahisələrim olub. Bəlkə də, çox komanda məni götürməyə risk etmir. Birinci Liqada oynamaq asandır, ancaq hamı irəli getmək istəyir. Hələ Premyer Liqada oynamaq qismət olmayıb”.

“Qrobina” Latviya çempionatda 21 turdan sonra 22 xalla 7-ci sıradadır.

Şahin Cəfərov