“Kütləviləşmə olduqdan sonra uşaq futbolunda inkişaf da olacaq”

FutbolPressAzərbaycan futbolu yenidən bölgələrə siraət edib. Tarixdə ilk dəfə yerli çempionatlarda 34 komanda iştirak edir. Premyer Liqa və I Liqada 10, II Liqada isə 14 komanda mübarizə aparır.

Futbolun regionlara yayılması bu sahənin inkişafına təkan verəcək. Eyni zamanda uşaq futbolunun dirçəlməsinə səbəb olacaq. Hər zaman irəli sürülən “bölgələrdə istedadlı uşaqlar çoxdur, ancaq klub tapa bilmirlər” fikirləri də getdikcə tarixə qovuşacaq. II Liqada daha çox bölgə komandaları mübarizə aparır. Heyətlərində isə demək olar, yerli və gənc oyunçular çıxış edir. Futbol prinsipləri də bərpa olunub və bu çempionatı qalib bitirən yeni mövsüm I Liqada mübarizə aparacaq.

AFFA Lisenziyalaşdırma  Qrupunun qaydalarına görə, I Liqada iştirak etmək istəyən komandaların aşağı yaş qrupları da olmalıdır. Artıq klublar bu yöndə çalışmalara başlayıb. Bunun nəticəsində uşaq futbolu inkişaf edəcək, bölgələrdə olan istedadlı uşaqlar üzə çıxacaq.

II Liqada mübarizə aparan “Cəbrayıl”ın müşaviri, futbol agenti Səbuhi Səfiyarlı ilə bu mövzuda söhbətləşdik. Səfiyarlı aşağı liqanın yaradılmasının uşaq futboluna faydalarından söz açdı:

“II Liqanın yaradılması bölgələrdə uşaq futbolunun inkişafı üçün böyük motivasiyadır. Həmin bölgədə peşəkar komandanın olmağı çox vacibdir. 90-cı illərdə Gəncədə nə qədər futbolçu var idi, az qala gəncəli oyunçunun olmadığı komanda yox idi. Lakin bir müddət böyük futbol olmadı və indi “Kəpəz”də belə gəncəlilərin sayı azdır. Böyük futbol oynamayanda uşaq futbolu da axsayır. Bu baxımdan peşəkar klubun varlığı mühümdür”.

Azərbaycanda bu mövsümə qədər II Liqa əvəzinə Region Liqasında mübarizə gedirdi. Səfiyarlı sözügedən çempionatın daha çox həvəskar olduğunu və bölgələrdə klublara maraq az olduğunu qeyd etdi. Onun fikrincə, idman prinsiplərinin bərpa olunduğu mövsümdə klublar irəli getmək istəyinə görə, artıq uşaq futboluna daha çox diqqət ayırıb və bu, öz müsbət təsirlərini göstərəcək:

“Region Liqası həvəskar idi, məşqlər az olurdu və motivasiya böyük deyildi. II Liqa bu baxımdan faydalıdır. Bəlkə, gələcəkdə daha aşağı liqalarda olacaq. II Liqa futbolun inkişafı və populyarlaşması üçün vacibdir. Kütləviləşmə olduqdan sonra uşaq futbolunda inkişaf da olacaq. II Liqa klubları I Liqada oynamağa can atırlar. I Liqanın tələbləri arasında klubların aşağı yaş qruplarının olmasıdır. Buna görə artıq indidən klublar aşağı yaşlar üzrə komandalar yaratmağa hazırlaşırlar”.

II Liqada problemlər və çatışmazlıqlar çoxdur. Lakin ölkədə futbolun regionlara yayılması, inkişaf naminə daha çox müsbət nüanslardan danışılır/yazılır. Meydançaların vəziyyəti, klublarda infrastrukturla bağlı problemlər üzə çıxanlardandır. Həmsöhbətimiz bölgələrdə şəraitin Bakıdakı kimi olmadığını bildirdi. Səfiyarlı yeni liqada yeni oyunçuların üzə çıxacağı, ölkə futbolunun bundan müsbət pay alacağını qeyd etdi:

“Ola bilər ki, bölgələrdə şərait Bakıdakı qədər deyil. Lakin yenədə, futbolla məşğul olmaq istəyənlər üçün heç olmamağından daha yaxşıdır. Klub olmayanda uşaqlarda motivasiya olmur oynamağa. Bir çox komandalar, indiki halda “Sabah” bölgələrdən seçimlər edir, onların inkişafı üçün şərait yaradırlar. Lakin bəzi bölgələr var ki, orda seçimlər yoxdur. Çünki peşəkar klub yoxdur, uşaqlar maraq göstərmir. II Liqada 25, 23 yaşında elə oyunçular var ki, görürsən nəsə bacarır. Lakin olduğu bölgələrdə əvvəl peşəkar komanda olmadığı üçün kənarda qalıblar. Şəkidə, Göygöldə yaxşı oyunçular var. Bu proseslər tez baş versəydi, ölkə futboluna daha çox oyunçu qazanardıq”.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu