Məlum olduğu kimi, “Turan Tovuz” Kurban Berdıyevlə anlaşmaq üzrədir. Anlaşsın, təki yaxşı olsun. Bu işdən bir “Turan qurmaq” qoxusu gəlir…
Ayxan Abbasovun naməlum səbəblə göndərilməsi əksəriyyətdə təəccüb doğurmuşdu, yerinə kimin gətiriləcəyi maraqla gözlənirdi. İlkin reaksiyalar heç də birmənalı deyil. Berdıyevə görə xoşhal olanlar da var, əcnəbi mütəxəssis seçiminə neqativ yanaşanlar da.
Birvaxtlar populyar olan Berdıyevin alayarımçıq şəraitdə hansı işlər görə biləcəyi, Tovuz təmsilçisinə nə dərəcədə faydalı ola biləcəyini gözləyək, ona qədərsə bir-iki detala fokuslanaq.
Tovuz futbolsevərləri baxımlı oyun tərəfdarıdır. Onlar nəticə yaxşı olanda belə qapalı futbola qarşı çıxıblar. Kurban bəy isə həmişə qapalı, praqmatik futbol oynamağı ilə tanınıb.
Necə olacaq bu iş?
Bir də, 1987-ci ildən baş məşqçi işləyən Berdıyev son illər eniş trayektoriyası cızır. O ahıldan bizdə də var – Ağasəlim Mircavadov, Əsgər Abdullayev və s. Nəticələr baxımından o deyillər, ancaq Berdıyevin də nəticəverənliyi illərdir “paslanıb”…
İllah da yerli məşqçi olmalıdır demək, tələb etmək məntiqli görünmür, ancaq ilk vizyon Berdıyevin da təyinatına “o deyil” reaksiyası yaradır. Yenə zaman göstərəcək…
Ehtiram Quliyev nəticə istədiyini bu addımla de-fakto göstərdi. Amma Abbasovla yolların məhz bu üzdən ayrıldığını deyə bilmirik. Çünki onunla üç illik inkişaf ideyalı müqavilə imzalanmışdı və o məqsəd yarımçıq saxlandı, göndərilmə qərarı gözlənilməz oldu.
Bu qərardan əvvəlki Ehtiram bəyin klubu inkişaf etdirəcəyinə inam çox idi. Ancaq o məsələdən sonra bəzi şübhələr yaranıb. Onun futbol fikirlərinin/ideyalarının şəffaf və peşəkar olmaması əlamətləri sezilir. Yola qədəm basıb, özü bilər. Ancaq çox da xərcə meyl etməməsi karı olar. Bu gedişat “Turan Tovuz”un iddialı olacağına dəlalət etmir. Klub fundamental işlər görmür, əsaslı qərar verə bilmir.
Əvvəldən yazıb, bəzi klub tərəfdarlarının “arzulanmazı” olaq, ancaq zaman göstərəcək…
Kamil Əhməd