“Kuboku qazanmasaq, mövsümü uğurlu saya bilmərik”

“Sabah” Azərbaycan Premyer Liqasının XXXIII turunda “Araz-Naxçıvan”la heç-heçə edib – 1:1.

“Bayquşlar”ın futbolçusu Abdulla Xaybulayev “Futbolpress.az“a açıqlamasında oyunla bağlı fikirlərini bölüşdü:

“Araz-Naxçıvan” yaxşı təşkilatlanmış komandadadır. Oyunun asan keçməyəcəyini bilirdik. Bir neçə imkanımız olsa da, dəyərləndirə bilmədik”.

“Sabah” çempionatda 33 turdan sonra 41 xalla 5-ci sıradadır. “Futuristlər”in liqada iddiası qalmayıb. Xaybulayev belə vəziyyət yaranmağına baxmayaraq, oyunlara köklənməyin çətin olmadığını qeyd etdi:

“Oyuna köklənməkdə problem yoxdur. Hər oyun vacibdir. Köklənmədə problem olsa, kubokun finalına yaxşı hazırlaşa bilməyəcəyik. Buna görə də hər oyunun əhəmiyyəti böyükdür”.

Yarımmüdafiəçi kubokun finalının “Qarabağ”la oyunu haqda da danışdı:

“Şanslar bərabərdir. Final bir oyundan ibarət olacaq və hər nəticə qeydə alına bilər. Kuboku qazanmasaq, mövsümü uğurlu saya bilmərik. Lakin indi bu haqda yox, çempionatdakı oyunlar barədə düşünürük”.

Şahin Cəfərov