Kubok “qurban” verildi: “2 turnirdə mübarizə aparmaq çox çətindir”

I Liqa təmsilçisi “Karvan” Azərbaycan Kubokunda mübarizəni dayandırıb. Yevlax təmsilçisi II təsnifat mərhələsində “Qaradağ Lökbatan”a məğlub olub – 0:3.

“Karvan”ın baş məşqçisi Kənan Kərimov “FutbolPress“ə açıqlamasında nəticəni şərh etdi:

“Kubok oyunu bir matçdan ibarət idi. Heyətdə itkilərimiz çox idi – bəziləri zədəli, bəziləri xəstə idilər. Buna görə problemlərimiz oldu. Rəqibi təbrik edirəm. İndi bizi əsas maraqlandıran çempionat oyunudur. Növbəti matçımız “Cəbrayıl”la olacaq və ona hazırlaşacağıq”.

Mütəxəssis əsas hədəflərinin çempionatla bağlı olduğunu və bu səbəbdən kuboku “qurban” verdiklərini bildirdi:

“Bugünkü gündə 2 turnirdə mübarizə aparmaq çox çətindir. Heyətimiz geniş deyil və itkilər fonunda problemlər qaçılmaz olur. Artıq kubok oyunu geridə qaldı və çempionat matçına köklənəcəyik. Yaxşı oyunla, nəticə qazanmaq və liderliyimizi davam etdirmək istəyirik”.

Şahin Cəfərov