Konfrans Liqası: APL klubları üçün təcrübəli rəqiblər

UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atıldı. Azərbaycan təmsilçisi “Sumqayıt” bu raundda Macarıstanın “Fehervar”, “Sabah” isə İsrailin “Makkabi” (Hayfa) komandasına rəqib oldu.

“Sumqayıt”ın rəqibi “Fehervar” “kimyaçılar”ın dişinə görə rəqibdir demək olar. Macarıstan təmsilçisi çempionatı 54 xalla 4-cü sırada bitirib. Macarlar 33 oyunda 55 qol vurub, 40-nı buraxıb. 16 qələbə qazanan komanda 11 oyunda isə meydanı xalsız tərk edib.

“Fehervar” “Sumqayıt”la nisbətdə avrokuboklarda təcrübəli komandadır. Macarıstan təmsilçisi sonuncu dəfə 2022/2023 mövsümündə Konfrans Liqasında mübarizə aparıb. Həmin il ikinci təsnifatda Azərbaycan təmsilçisi “Qəbələ”ni mübarizədən kənarlaşdıran (4:1, 2:1) macarlar pley-off mərhələsinə qədər irəliləmiş, burada isə Almaniya “Köln”ünü keçə bilməmişdi. Komanda XXI əsrdə Avropa Liqasında ən yaxşı nəticəsi bir dəfə qruplara qalmaq olub. Macarıstan klubu 2018/19 mövsümündə Avroliqada “Çelsi”, PAOK və BATE ilə bir qrupda mübarizə aparıb və qrupu üçüncü sırada bitirib.

Tarixində ikinci dəfə avrokuboklarda mübarizə aparacaq “Sabah” üçün uğursuz püşk demək olar. Buna səbəb Hayfa təmsilçisinin son illərdəki uğurlu çıxışıdır. Komanda 2023/24 mövsümündə İsrail çempionatını ikinci sırada tamamlayıb. 36 oyunda 23 qələbə qazanan komanda 6 dəfə meydanı xalsız tərk edib. Hayfalılar bu görüşlərdə 75 qol vurub (hər oyuna ortalama 2 qol) və 28-ni buraxıb.

“Makkabi” avrokuboklarda təmsilçimizlə müqayisədə daha təcrübəlidir. Hayfa klubu ötən mövsüm Çempionlar Liqasında pley-off mərhələsinə qədər yüksəlmiş, burada İsveçrə “Yanq Boyz”unu keçə bilməmişdi. Daha sonra Avropa Liqası ilə Konfrans Liqasında yarışan hayfalılar KL-də pley-off mərhələsində “Fiorentina”nı keçə bilməyib.

“Makkabi” 2021/2022 mövsümündə Konfrans Liqasının pley-off mərhələsində “Neftçi”ni mübarizədən kənarlaşdırıb. Bakıda 3:3 hesablı heç-heçə edən israillilər doğma arenasında “ağ-qaralar”ı 4:0 hesabıyla məğlub edib. Komanda həmin il qrup mərhələsində “Feyenoord”, “Yunion”, “Slaviya” ilə mübarizə aparıb və sonda sonuncu sıranı tutub.

“Sabah” tarixində ikinci, “Sumqayıt” isə üçüncü dəfə avrokuboklarda yarışacaq. Rəqiblər təcrübə baxımından daha üstündür. Lakin nəticəni meydanda sərgilənən performans, əzmkarlıq müəyyən edir.

Komandalar ilk oyunlarını iyulun 25-də, cavab görüşlərini isə avqustun 1-də keçirəcək.

Şahin Cəfərov