“Komandada bu cür ruh olarsa, “Real”a da qalib gələ bilərik” – Renduliç

Azərbaycan Premyer Liqasının XXXVI turu çərçivəsində keçirilən “Neftçi” – “Sabah” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Krunoslav Renduliç jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:

– Mənim oyunçularım qəhrəmandır. Son 11 görüşün 8-də qalib gəlmişik. Avropaya getməyə layiq biz idik. Demişdik ki, son saniyəyə qədər mübarizə aparacağıq. Səhvlər edə bilərik. Oyunçularım mükəmməl oynadı. Oyunda daha yaxşı biz idik. Çox xoşbəxtik.

– Uğurlu nəticə üçün hansı mövqeyə oyunçu almağı düşnürsünüz?
– İndi qələbəni qeyd etmək lazımdır. Bilirik hansı mövqeyə transfer etmək lazımdır. Çox vaxtımız yoxdur. Amma transferlər olacaq.

– Siz “Sabah”a gələndə rəhbərlik qarşınıza hansı hədəfləri qoymuşdu?
– Daha çox özüm üçün məqsəd qoymuşdum. Bura gələndə yüksək məqsədlər üçün gəlmişdim. Bəzən buna müvəffəq ola bilirsən, bəzən yox. Səviyyən yüksəkdirsə, buna nail olacaqsan.

– Şanslarınız oldu, amma bir qol vurdunuz. Hücumun mərkəzindəki problem sizi narahat edir?
– Biz bilirik, hansı mövqeyə futbolçular gətirmək lazımdır. Bunun nə vaxt olacağını demək çətindir. Amma önəmlisi odur ki, oyunçunu vaxtında gətirək.

– Fasilədə oyunçularınıza psixoloji baxımdan sakit olmaları üçün nə dediniz?
– Bu barədə nəsə demədim. Onlara dedim ki, ilk hissədə yaxşı oynadınız, ikinci hissədə də mükəmməl oynamaq lazımdır. Ona görə də Sofian Çaklanı meydana buraxdım.

– Oyunun sonlarındakı insidenti necə gördünüz və son 9 dəqiqədə hansı hissləri keçirdiniz?
– İnsidenti tam görmədim. Amma oyunçularım son dəqiqələrdə daha sakit olmalı idilər. Təxribata getməməli idilər. Hakimləri isə başa düşmürəm bu qədər niyə vaxt artırırlar?

– İşlədiyiniz klublarda çempion olmusunuz. İndi isə çətin vəziyyətdə olan komandaya bürünc medal qazandırdınız. Tərəzinin gözünə qoyduqda, hansı daha ağır gəlir?
– Əvvəlki komandamla böyük uğurlar qazanmışıq. Biz bura gələndə komanda 6-cı yeri tuturdu və bizə inanan az idi. Futbolçularım əziyyət çəkdi və nəticəni gördü.

– “Sabah”ın ötən ilki avrokubok nəticələrindən daha yaxşı nəticə göstərməyə hazırsınız?
– Hələlik söz verə bilmərəm. Çalışacağıq ki, əlimizdən gələni edək. Komandada bu cür ruh olsa, “Real”a da qalib gələ bilərik. Çalışdırdığım komanda Xorvatiyada 20 ildən sonra “Dinamo”nu məğlub etmişdi. Hər şey mümkündür.

– Dediniz futbolçularım qəhrəmandır, bəs özünüz nə qədər qəhrəmansınız?
– Oyunçularsız oynaya bilmərik. Hər şey onlardan aslıdır.

Məlik Məlikov