Komanda sayı nə üçün artırılmadı? – Qurban Qurbanovdan açıqlama

AFFA İcraiyyə Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıdan sonra İK üzvü və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı. Mütəxəssis görüş haqda bunları dedi:

– Ümumən, maraqlı görüş oldu. Qərarlar az olsa da, gələcəklə bağlı – planlar, nələrə diqqət ayrılacaq deyə müzakirələr oldu.

– Hansı təklifləriniz oldu?
– Ciddi əlavəm olmadı. Bəzi detallar ətrafında müzakirə getdi, fikirlərimizi bildirdik. Qeyd olundu ki, belə görüşlər tez-tez keçirilsin. Ətraflı müzakirələr aparıb, futbolun inkişafı üçün nələri yaxşılaşdırmaq olar, baxacağıq. Yaxşı görüş oldu.

– Komanda sayının artırılmamasına səbəb nə göstərildi?
– Qısaca, şərait və infrastruktur. Elə komandalar var ki, yaxşı infrastrukturları yoxdur. Bölgələrdə bu yöndə işlər görüldü. Gələcəkdə komanda sayının artırılmasına toxunuldu və nəzərə alınacaq.

– Strukturun yaxşılaşdırılması üçün AFFA tərəfindən hansısa planlar müzakirə olundu?
– Görünən odur ki, AFFA da dövlət səviyyəsində müzakirələr aparılacaq. Sonda doğru qərar veriləcəyinə inanırıq.

– Klublara ödənilən məbləğ dəyişildi?
– Bu, qarşıdakı görüşlərdə bilinəcək. Müzakirəyə açıq mövzudur. Yəqin, illik xərclər hesablanandan sonra qərarlar olacaq.

– Legioner limitinin belə qalması hansı əsasla oldu?
– Hamı ortaq fikirdə oldu. Çox müzakirə keçmədi. İndiki məqamda “7+4″un olması doğru oldu.

– I Liqada çempion olan komanda 100 faiz elitaya qalxacaq, ya lisenziya verilən?
– Böyük ehtimal, birinci sırada olan komanda buna hazır olmalıdır. Lazım olan halda, lisenziya veriləcək.

Məlik Məlikov