Azərbaycan Premyer Liqasının III turunun “Kəpəz” – “Turan Tovuz” oyunundan (0:3) sonra Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…
– Komandanın özünə gəlməsi üçün vaxt lazımdır. Soruşa bilərsiniz ki, nə qədər zaman lazımdır? Onu deyim ki, yeni futbolçuların bir-birinə uyğunlaşması çox vacib amildir. Bu da vaxt aparan bir prosesdir. Nə qədər tez futbolçular adaptasiya dövrünü keçsələr, bizim oyunumuz bir o qədər tez düzələcək və nəticələr gələcək. Əvvəlki oyunlara nisbətən bu gün cuzi də olsa müəyyən şeylərin düzəldiyini görmək mümkündür. Ümid edirəm ki, qarşıdakı matçlarda nəticəyə yönələn oyunlar izləyəcəyik. Komanda aşağı liqaya düşməyəcək. Mənim istəyim komandanın futbol oynamasıdır”.
– Ev oyununuzu səfər kimi keçirdiniz. Bu, oyununza necə təsir edir?
– Keçən ildən bunu yaşayırıq. Hələ ki, stadionumuz yoxdur. Gəncədə oynasaq, fərqli olar. Komanda formalaşmalıdır, oyunçular bir-birini hiss etməlidir. Bunlar hamısı oyunumuza təsir edir.
– Bu legionerlər “Kəpəz”ə nə qədər fayda verir? Olmazdı ki, onların əvəzinə “Şamaxı” kimi yerli, tanıdığınız oyunçular transfer edəsiz?
– “Şamaxı” gördüyünüz kimi həmin vaxt aşağı liqaya düşdü. Biz bunu istəmirik, düşməyəcəyik də. Komanda yenidən qurulur. Hələ heyətə yeni futbolçular cəlb edirik. Bizə “Kəpəz”in Premyer Liqada qalması lazımdır. Bunu edəcəyik.
– Sizin üçün “Kəpəz”in sponsorunun olması vacibdir, yoxsa komandanın Premyer Liqada qalması?
– Mənim üçün daha çox Premyer Liqada qalmaq önəmlidir.
Şahin Cəfərov