Zaur Axundovun futbolda nə işi var? Buna müxtəlif cür cavab verənlər ola bilər, lakin ağlı başında, huşu yerində olanlar onun futbol barədə dedikləri və etdiklərinə nəzər yetirsə, panorama tam aydın olar…
Axundov ümumiyyətlə, hansı kadrdır, idmanda nə gəzir, bu sahəyə, konkret desək, futbola necə, niyə gəlib – ağır, dərin məsələlərdir. Bunları aşkarlamaq sıravi oxucumuza heç nə verməyəcək, bizdənsə çox şey alacaq. Saytımızın texniki problemlərdən nələr çəkdiyini sadiqlər yaxşı bilir..
Lakin bu gedişatın bəzi istiqamətlərinə nəzər yetirməyə dəyər. Belə ki, Axundov öz hərzə-hədyan danışıqlarıyla yenilik etməyib. Həmin köhnə-yeni tanışdır.
Bilirik ki, sıravi biri klub idarəçiliyində onun kimi olsa, çoxdan mitili atılmışdı. O isə toxunulmazdır.
Onunla bağlı yenilik ayrı məqamdadır. Axundov Naxçıvan Futbol Federasiyasının prezidenti seçildi.
Bu illərlə ağlına gəlmədi? Niyə məhz indi?
Mətbuat, ictimaiyyət “Araz Naxçıvan”ı Mərdəkandan çıxarıb Naxçıvana yola sala bilmədi, amma indi bunun labüdlüyü ortaya çıxdı. Anidən Axundova pozitiv “update” gəldi? Yox. Həmin tanışdır…
Sadəcə, bir proses gedir. Tutan tutur, tutmayan da ki həmişəki kimi – xoşbəxt yaşayır.
Zaur bəyin NFF rəhbərliyinə zühuru hazırkı AFFA rəhbərliyinə qarşı gedən proseslərin xəfif davamıdır.
Elşad Nəsirov və ətrafı həzm edə bilmir… Görmürsünüzmü, AFFA-da dəyişiklik oldu, amma qarışıqlıq daha da dərinləşdi? Qoymurlar. Razılaşmırlar.
Axundovun NFF-ə gedişi kimi, başqa oxşar gedişlər də olacaq. Nəsirov növbəti seçkiyə hazırlaşır və bunların bir qismi səs çoxluğu qazanmağa hesablanıb.
Prosesi diqqətlə izləyənlər, anlayanlar bilir. Elə-belə gedişat deyil. Davam edir…
Kamil Əhməd