Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu 10 il sonra bir oyuna ev sahibliyi etdi. “Sumqayıt” yenidənqurma işlərindən sonra arenanın açılışında “Neftçi”ni məğlub etdi – 2:1.
Atmosfer, azarkeşlərin böyük dəstəyi və illər sonra köhnə məbədə qayıdış qələbəni zəruri edirdi. Buna qədər oyunlarını “Kapital Bank Arena”da keçirən “Sumqayıt”da demək olar, hər matç tribunalar dolurdu. 1300 nəfərlik tutumu olan stadionda boş yerin olmaması, xüsusilə, “Qarabağ”, “Neftçi” kimi komandalarla duelləri izləmək istəyib də, stadiona buraxılmayan azarkeşlər də böyük sevinc içində idi. “Kapital Bank Arena”da böyük izdihamla az rastlaşmamışdıq. Sumqayıtlıların ilk növbədə azarkeş limiti problemi həll edildi, 9 min nəfərlik tutumu olan “Mehdi Hüseynzadə” artıq yerli fanatları qarşılamağa hazırdır.
Həyatımda ilk dəfə bir futbol matçını məhz bu arenada izləmişdim. Dəqiq xatırlamıram, 11-12 yaşım olardı, onda “Gənclərbirliyi” ilə “Xəzər Lənkəran” qarşılaşırdı… İlk oyunum olacaqdı, çox həyacanlı və səbirsiz idim. Matçın startından artıq ayaqüstə idim, oturmaq sərf etmirdi, qarşıdakı ayaqüstə durur, uşaqsan, otur da deyə bilmirsən. Məcburiyyətdən ayağa qalxmışdım. Birinci hissənin yarısı idi, hakim səhv qərar vermişdi, o anda tribunadan yüksək səslə söyüşlər başlamışdı… Uşaq idim, söyüş bilmirdim, elə bundan sonra stadionun yaxşı yer olmadığını düşündüm və evə getməyə qərar verdim. “Mehdi Hüseynzadə”dəki birinci və həmin dövr üçün son matçım belə olmuşdu…
Arenaya növbəti qayıdışım isə 16 il sonra baş tutdu. Tək mən yox, stadiondakı son matçı izləyənlərçün də belə idi – yenə eyni hiss, həyacanla. Tribunaya daxil olanda köhnə xatirələr baş qaldırdı, boz, dağılmış oturacaqları səliqəliləri əvəz etmişdi. Arenada gözə çarpacaq nizam var idi. Media sektoru da artıq daha rahat idi – kimsə başının üzərində semiçka çırtlayıb, tökə bilməzdi. Böyük səbirlə matçın startını gözləyirdim – hey də düşünürdüm, ilahi, Sumqayıtın necə gözəl stadionu var, əsl avrokubok oyunu üçündür! Bu anları da yaşayacağımıza şübhə yoxdur və həmin vaxt da uzaqda deyil. Artıq şəhəri yaxşı təmsil etməyi bacaran “Sumqayıt” var, “Neftçi”ni məğlub edib, ikinci sıraya yüksələn “Sumqayıt”.
Komandalar bir neçə gün əvvəl ölkə kubokunda “Kapital Bank Arena”da üz-üzə gəlmiş və “Neftçi” qələbə qazanmışdı. 2:3 məğlub olmasına baxmayaraq, “kimyaçılar” həmin görüşün fasiləsindən sonra “Neftçi”ni qapısına sıxmağı bacarmış, iki qol vurmuşdu. Revanş olacağı, “Sumqayıt”ın məğlubiyyətin əvəzini çıxacağını təxmin edirdim, hərçənd, yorğunluq fonunda bərabərliyin də pis nəticə olmayacağını düşünürdüm. Lakin “Sumqayıt” böyük azarkeş dəstəyi ilə oyuna sürətli başladı, erkən qol komandanı ruhlandırdı, rəqibi isə təzyiq altına saldı. “Neftçi”də artan fərdi səhvlər komandanın birinci hissədə daha bir qol buraxması ilə nəticələndi. Fasilədən sonra üstünlüyü ələ alan “Neftçi” top çevirməklə oyunu bitirdi, demək olar, ciddi qol epizodu da olmadı. Son dəqiqələrdə penaltidən vurulan qol “ağ-qaralar” üçün təsəllidən başqa bir şey deyildi.
“Sumqayıt” köhnə/yeni məbədində yaxşı başladı. “Mehdi Hüseynzadə”yə toplaşan yerli tamaşaçıları sevindirən “kimyaçılar” özləri də bu qələbə ilə daha ruhlanacaq.
Şahin Cəfərov