Azərbaycan klubları bu həftə avrokuboklarda uğurlu nəticə ilə yadda qaldılar. Qazanılan qələbələr sayəsində ölkənin UEFA reytinqində də xal ehtiyatı artdı və Azərbaycan sıralamada 24-cü pilləyə yüksəldi.
Keçmiş “Bakı” klubunun icraçı direktoru, hazırda II Liqada mübarizə aparan “Dinamo”nun İdarə Heyətinin rəhbəri Yaşar Seyidov “FutbolPress“ə açıqlamasında nəticələrini dəyərləndirdi. Funksioner əvvəlcə Çempionlar Liqasında mübarizəyə başlayan “Qarabağ”la bağlı fikirlərini bölüşdü:
“Çempionlar Liqasının II təsnifat mərhələsinə qələbə ilə başlayan “Qarabağ” haqda çox xoş sözlər demək olar. Cəbəllütariqdə “Linkoln”la oyunda qazanılan 2:0 hesablı qələbə komandamızım mərhələ adlayacağına tam əminlik yarada bilər. Düzdür, futbolda hər şey olur, amma “atlılar”ın rəqibindən qat-qat güclüdür və bundan sonra mərhələni əldən verəcəklərinə inanmıram. “Qarabağ” bütün komponentlərdə “Linkoln”dan üstündür. Bakıda da qələbə qazanıb, mərhələ keçəcəklərinə inanıram”.
Seyidov Konfrans Liqasının II təsnifat mərhələsində güclü İsrail “Makkabi”sini (Hayfa) məğlub etməyi bacaran “Sabah”la bağlı bunları dedi:
“Sabah”ın qələbəsində məni ən çox sevindirən akademiyanın yetirməsi, azərbaycanlı futbolçu Xəyal Əliyevin qol vurması oldu. Bu, çox gözəldir. “Makkabi” üzərində inamlı qələbə qazandılar və inanıram ki, Bakıda da yaxşı oynayacaqlar. Hesab 3:0-dır və israillilərin bundan sonra geridönüş edəcəyinə inanmıram. Hesab “Sabah”a daha əminlik verib və yenə yaxşı oyunla qələbə qazanacaqlarını düşünürəm”.
Həmsöhbətim azarkeşləri önündə Macarıstanın “Fehervar” komandasına uduzan və məğlubiyyət yaşayan yeganə təmsilçimiz “Sumqayıt”ın cavab oyununda daha yaxşı nəticəyə imza atmaq potensialında olduğunu bildirdi:
“Sumqayıt” da yaxşı başlamışdı, amma Murad Xaçayevin qırmızı vərəqə alması oyunun gedişatına təsir etdi. “Fehervar” azlıqda qalan rəqibini üstələyə bildi. Buna baxmayaraq, hələ heç nə bitməyib. Macarıstanda maraqlı futbol olacaq. “Sumqayıt” geridə olsa da, səfərdə yaxşı oynayacaqlarını düşünürəm. Ümidim var ki, qələbə qazanıb, mərhələ adlaya bilərlər. Onlar bu nəticəylə özləri və şəhərləri üçün tarixi hadisəyə imza ata bilərlər. Onlara uğurlar arzu edirəm və qələbələrinə inanıram”.
Seyidov sonda Bakıda “DAC 1904″ü (Slovakiya) məğlub edən “Zirə”dən söz açdı:
“Zirə”dən xüsusi danışmaq lazımdır. Onlar Avropa Liqasının I təsnifat mərhələsində “Şerif”lə birinci oyunda gözəl oyunla qələbə qazanmışdılar. Lakin cavab matçında əfsuslar olsun, lazımsız yerə qırmızı vərəqə aldılar və mərhələni əldən verdilər. Futbolçu Salifu Sumanın “qırmızı”sı bütün komandanın oyununu dəyişdi. Düzdür, futbol emosiyalar oyunudur, amma meydanın mərkəzində gərək özünü cilovlaya biləsən. Lazımsız situasiyada alınan qırmızı vərəqə komandanı pis duruma saldı. “Zirə” Konfrans Liqasına düşəndən sonra daha inamlı oldu. Slovakiya təmsilçisini yaxşı oyun və nəticəylə məğlub etdilər. “Zirə” indi özünə daha inamlıdır. Səfərdə də yaxşı nəticə ilə dönəcəklərini düşünürəm. Ümumi götürsək, komandalarımız yaxşı nəticə əldə etdilər. “Sumqayıt” məğlub olsa da, onların da şansları var. “Zirə” və “Sabah” demək olar, növbəti mərhələdə olacaq. “Qarabağ” isə göz qabağındadır. Klublarımızın avrokuboklarda yaxşı nəticə ilə bizi sevindirəcəyinə inanıram”.
Şahin Cəfərov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.