“Klublarımız üçün uğurlu həftə oldu” – millinin sabiq futbolçusu

Azərbaycan klubları bu həftə Konfrans Liqasının II təsnifat mərhələsində mübarizəyə başlayıb. “Sabah” İsrailin “Makkabi” (3:0), “Zirə” Slovakiyanın “DAC 1904” (4:0) komandasını məğlub edib. “Sumqayıt” isə azarkeşləri önündə Macarıstan təmsilçisi “Fehevar”a uduzub – 1:2.

Azərbaycan yığmasının keçmiş futbolçusu Rahid Əmirquliyev “FutbolPress“ə açıqlamasında oyunları dəyərləndirdi:

“Əlbəttə, üç komanda da yaxşı çıxış etdi. Bu, sevindirici haldır. “Zirə” və “Sabah” layiqli qələbə qazandılar. Baxmayaraq ki, ciddi rəqibləri var idi, xüsusilə də israillilər. “Sabah” yaxşı və inamlı oyunla qələbə qazandı”.

Əmirquliyev “Sumqayıt”ın məğlub olmasına baxmayaraq, şanslarının qaldığını bildirdi:

“Sumqayıt” da pis başlamamışdı. Təəssüf ki, hakimin kobud səhvinə görə komanda çətin durumda qaldı. Bu, nəticəyə birbaşa təsir etdi. Cavab oyununda “Sumqayıt”ın şansı var. Qələbə qazanıb, mərhələ keçə bilərlər. “Zirə” və “Sabah” 99 faiz işini həll edib. Bir az “Sumqayıt”ınkı çətin olacaq, amma mümkünsüz deyil. Klublarımız üçün uğurlu həftə oldu”.

Şahin Cəfərov