“Klublar oyunçuları inkişaf etdirməkdə maraq görmürsə…”

“Sabah”ın əvəzedici komandası çempionatda 30 turdan sonra 58 xalla ikinci sıradadır. Komandanın çalışdırıcısı Adino Mustedanagiç “Futbolpress.az“a açıqlamasında nəticələri şərh etdi:

“Mövsümə liqanın ən gənc komandası kimi başladıq. İnkişafımızdan xoşum gəlir. Hər oyuna oyunçuları inkişaf etdirmək üçün çıxırıq. Əvəzedicilər Liqası çox gözlənilməzdir. Bəzi oyunçular əsas komandadan gəlir, bəziləri icarəyə başqa komandaya gedir və s… Əvəzedici komanda əsas komandanın xidmətindədir. Ona görə heyətlər fərqli ola bilər, amma niyyətimiz eynidir – uşaqları inkişaf etdirmək”.

Mütəxəssis komandanın çempionluq şanslarından danışdı:

“Məncə, şansımız çoxdur. Hər tur xallarımızı artırırıq. Buna görə də belə davam etməliyik. Sonda neçənci olacağıq, bu, uşaqlardan asılıdır”.

Adino sonda Əvəzedicilər Liqasının mümkün ləğvinə toxundu:

“Klublar oyunçuları inkişaf etdirməkdə maraq görmürsə, onları ehtiyatda saxlamaq mənasızdır. Digər tərəfdən, bizim üçün bu, klubun vacib bir hissəsidir. Mənim və əməkdaşlarımın işi ehtiyat komandanı və U-19-un inkişafı üçün platforma qurmaqdır. Məşq etmək, yaxşı oynamaq, əsas komandada şans qazanmaq artıq uşaqların üzərinə düşür. Həmişə demişəm, mühüm olan əsas komandaya yüksəlmək deyil, orda qala bilməkdir”.

Şahin Cəfərov