Klaudio Ranyeri: “Dibala “Roma”da qalmaq istəyir”

“Roma”nın baş məşqçisi Klaudio Ranyeri A Seriyasının 17-ci turunda “Parma”ya 5:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, təcrübəli mütəxəssis komandanın hücumçusu Paulo Dibalanın qışda “Roma”dan ayrılacağı ilə bağlı şayiələrə münasibət bildirib. O, jurnalistin “klub rəhbərliyindən Dibalanı satmamağı xahiş edəcəksiniz?” – sualına belə açıqlama verib:

“Mən hər şeyi başa düşürəm, amma biz agentlərin işini də başa düşməliyik. Agentlər dünyanı gəzərək oyunçulara təklif edir, onlara ən qiymətli varlıq kimi baxır və sonra oyunçuya aldıqları təklifləri təqdim edirlər. Mən heç nə almamışam, ona görə də bilirəm ki, Paulo qalmaq istəyir və bizdən razıdır. Mən ondan razıyam, ona görə də sizin nöqteyi-nəzərinizi başa düşürəm, amma mənimkini də anlamağa çalışıram. Bu, bizim dinamikamızdır. başa düşmək lazımdır, siz öz işinizi, mən də öz işimi görürəm”.

Qeyd edək ki, bu həftə “Qalatasaray”ın 31 yaşlı argentinalı ilə maraqlandığı xəbərləri yayılıb. Dibalanın agentinin “Qalatasaray”ın “Trabzonspor”la oyunu zamanı İstanbulda olduğu iddia edilib. Daha əvvəl Ranieri bildirmişdi ki, əgər Dibalanın başqa prioritetləri varsa və komandada qalmaq istəmirsə, onu buraxmaq düzgün olardı.