KL: Azərbaycan klubları pley-offun bir addımlığında

Azərbaycan klubları “Sabah” və “Zirə” bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyunlarına çıxacaq. Hər iki komandanın birinci matçdan sonra şansları davam edir.

“Sabah” ilk oyunda İrlandiyada “Sent Patriks”ə məğlub olub (0:1). “Futuristlər” mərhələ adlamaq üçün iki fərqlə qələbə qazanmalıdır. “Sabah” irlandlarla müqayisədə daha keyfiyyətli komandadır. “Futuristlər” birinci matça da yaxşı başlamasına baxmayaraq, ikinci hissənin əvvəlində İvan Lepinitsanın qırmızı vərəqə alması planları dəyişmiş və komanda məğlubiyyətdən qaça bilməmişdi. Bugünkü görüşün favoriti “Sabah”dır. Komandanın baş məşqçisi Krunoslav Renduliç dünən mətbuat konfransında inamlı danışıb və qələbə qazanacaqlarına əmin təsiri bağışlayıb. Hətta penaltilər seriyasını belə düşünmədiklərini deyən mütəxəssis oyunun start fitindən hücuma atılacaqlarını gizlətməyib.

“Sent Patriks”ə isə heç-heçə də sərf edir. İrlandlar hesab baxımından üstündür və böyük ehtimalla, müdafiədə qalaraq, əks-hücumlarda özlərini yoxlayacaqlar. Komandanın baş məşqçisi Stefan Kenni Bakıya nəticə üçün gəldiyini və mərhələ adlamaq adına bütün güclərini qoyacaqlarını bildirib.

“Zirə”nin rəqibi isə Xorvatiyanın ortabab komandalarından sayılan “Osiyek”dir. İlk oyunda səfərdə qollu heç-heçə edən Rəşad Sadıqovun komandasını tur keçmək üçün ancaq qələbə qane edir. “Zirə” bu mövsüm Azərbaycan komandaları arasında “Qarabağ”dan sonra ən formada olan komandadır. “Qartallar” hücumda Davit Volkov və Rafael Utziqlə çox effektivdir. Vurulacaq erkən qol “Osiyek”i daha açıq oynamağa vadar edəcək və bu, “Zirə”nin yaxşı boşluqlar tapmasına səbəb ola bilər. Püşk atılanda cütün favoriti “Osiyek” hesab edilirdi. “Zirə”nin səfərdəki görüşü təmsilçimizə inamı artırıb. Hər bir halda, şanslar bərabərdir və meydan amili, azarkeş dəstəyi bu gün “Zirə”dən yana olacaq.

“Qarabağ” Çempionlar Liqasında pley-off mərhələsinə yüksəlib. Bu gün iki təmsilçimizin də turu keçməsi Azərbaycan futbolu adına müsbət məqamlardan biri olacaq. Qələbələr həm ölkənin UEFA reytinqinə təsir edəcək, həm də daha bir həftə azarkeşlər avrokubok həyəcanını yaxından izləyə biləcəklər.