“Sumqayıt” Konfrans Liqası ilə vidalaşıb. “Kimyaçılar” II təsnifat mərhələsində “Fehervar”la (Macarıstan) duellərdən məğlub ayrılıb – 1:2, 0:0.
Macarıstan təmsilçisi əvvəlki gücündə deyildi və turu keçmək şansı çox idi. Xüsusilə, ilk matçın əvvəlində sərgilənən oyun, “kimyaçılar”ın hesabı açması bunu deməyə əsas verirdi. Lakin Sumqayıtdakı görüşdə müdafiəçi Murad Xaçayevin qırmızı vərəqə alması və rəqibin geridönüşü planları alt-üst etdi.
Məsələ qırmızı vərəqədə deyil, meydana çıxacaq oyunçu sayının azlığı idi. Digər mərkəz müdafiəçisi İsa Suliman da Türkiyə toplanışında zədə almış və komandada faktiki müdafiənin mərkəzində oynayacaq iki oyunçu qalmışdı. Xaçayevin “qırmızı”sı bu baxımdan komandanı çətin duruma saldı.
Transfer dönəmini sakit keçirən, ötən mövsümün bombardiri Kasimir Ninqanın, yarımmüdafiədə pis təsir bağışlamayan Masaki Muratanın, cinahda məhsuldarlığı aşağı olsa da, “işləyən” Abu Dossonun ayrılığından sonra yeni oyunçulara ehtiyac duyulurdu. Buna baxmayaraq, passiv transfer dönəmi keçən “Sumqayıt” bunun ağrısını Konfrans Liqasında – mövsümün startında yaşadı. “Fehervar” keçiləsi rəqib idi, buna baxmayaraq, heyətdəki problemlər və ilk oyun turun rəqibə verilməsi ilə nəticələndi.
Macarıstandakı cavab görüşü də aşağı-yuxarı bərabər səviyyədə keçdi. “Fehervar” ilk hissədə daha təhlükəsli olsa da, fasilədən sonra hücum üstünlüyü “Sumqayıt”da idi. Buna baxmayaraq, “kimyaçılar” az qalsın cərimə meydançası daxilində də ötürmələrə üstünlük verirdi, uzaqdan qapı yoxlanılmadı, ciddi və kəsərli hücum şahidi ola bilmədik.
“Sumqayıt” üçün mövsüm uğursuz başladı. Komandanın bundan sonrakı taleyi də sual altındadır. Heyət problemi həll edilməzsə, “kimyaçılar” üçün ağır mövsüm olacaq, azı qışa qədər – yeni “transfer pəncərəsi” açılana kimi…
Şahin Cəfərov