“Zirə ” cari avrokubok mövsümündə özündən daha geniş büdcəyə malik “Sabah”dan yaxşı nəticə göstərdi. Konfrans Liqasının pley-off mərhələsinədək irəliləmək “qartallar” üçün inkişaf/böyümə perspektivi baxımından böyük addım oldu.
Keçmiş zamanda danışmağımıza səbəb isə təmsilçimizin “Omoniya” ilə səfər qarşılaşmasında 6 cavabsız qol buraxması oldu. Kipr klubu ilə qrup mərhələsinin astanasında yol verilən “qəza” nədən qaynaqlandı?
Təhlillər göstərir ki, “Zirə” bu mövsüm “Qarabağ”dan sonra ən yaxşı fiziki hazırlıqlı komandadır. Eyni zamanda taktiki-texniki variyasiyalar da qənaətbəxşdir.
Bunadək keçilən avrokubok yolu komandanın oyun dəsti-xəttinin də etibarlı olduğunu göstərmişdi. Elə isə 6 cavabsız qol…?
Futbolda belə hallar çox olur. Elə komanda növlərində də, təkbətək növlərdə də gözlənilməz nəticələrə rastlanır. DÇ-2014 Braziliya üçün necə şanssızlıq yaşatdı? Doğma meydanda Almaniyadan 7 qol buraxmaq. Və s.
Bu hallara idman təcrübəsində “psixoloji məngənə” deyilir. Ya həmin qarşılaşmaya əvvəldən ciddiyyət baxımından hazır deyilsən, ya da gedişat zamanı “noqdaun” effektli “zərbə” alırsan və dirçələ bilmirsən.
“Zirə” Nikosiyada sırf psixoloji hazırlıq baxımından “qəza” yaşadı, komandanın gücü/hazırlığı səbəb deyildi…
Bakıda cavab matçı qeyd olunan aspektdə axsaqlığı aradan qaldırmaq üçün imkandır. Hərçənd, azarkeş üçün nəticə vacibdir və o, uğursuz olanda, təhlil etmir, təhqir edir…
Halbuki, mərhələ adladığı bütün rəqiblərdən maddi cəhətdən zəif olan “Zirə” pley-off mərhələsinədək gəlməklə gələcəyə yönəlik parlaq ümid yaradıb – Rəşad Sadıqovun baş məşqçiliyi dövründə bu komanda hər il nəticələrini daha da yaxşılaşdırıb. Bu, həm ölkə çempionatına, həm avrokuboklara aiddir. Deməli, faciə deyib üzülmək, “məşqçi deyil” demək yox, bu cür pozitiv reallığa köklənmək, inanmaq lazımdır.
Kamil Əhməd