“Kim yaxşı oynayıb, o da yığmaya dəvət alıb”

Azərbaycan millisinin idman direktoru İlqar Qurbanovun İTV-də yayımlanan “Sabaha saxlamayaq” verilişində “əvvəllər milliyə sifarişlə futbolçular çağırılıb” fikirləri geniş müzakirəyə səbəb olur. Artıq bir çox mütəxəssis Qurbanovun fikirlərinin əsassız olduğunu bildirib, ondan daha detallı açıqlama verməyi tələb edib.

2008-2014-cü illərdə Azərbaycan yığmasına dəvət alan Ruslan Əmircanov “FutbolPress“ə açıqlamasında idman direktorunun fikirlərinə şərh verdi:

“Həmin ərəfələrdə millidə kim olubsa, deməli, yaxşı olublar. İstər legioner, istər yerli olsun fərq etmir. Kim yaxşı formada olursa, o da yığmaya dəvət alır. Bir futbolçu milliyə gəlir və yaxşı oynayırsa, nə üçün yenidən çağırılmasın? Kimin olmağından asılı olmayaraq, milliyə həmişə yaxşı futbolçular çağırılmalıdır. Millidə yaxşı yerli və legionerlər olub. Bizim vaxtımızda da əcnəbi futbolçular var idi, hansı ki, yerlilərdən daha yaxşı idi və milliyə çağırılırdı. Milli elə-belə yer deyil, burda Azərbaycan təmsil olunur. Ona görə düşünmürəm ki, belə hallar olsun. Kim yaxşı oynayıb, o da yığmaya dəvət alıb”.

Şahin Cəfərov