“Kikboksinq Azərbaycan xalqının ruhuna yaxın idman növüdür”

FutbolPressKikboksinq Azərbaycanda populyar idman növlərindəndir. Ölkəmizdə bu sahədə çoxlu klublar fəaliyyət göstərir. Azərbaycan idmançıları kikboksinq üzrə beynəlxalq yarışlarda böyük nailiyyətlərə imza atıb. Yeniyetmə və gənclər arasında populyar olan bu idman növü ilə peşəkar səviyyəyə çatmasa belə, məşğul olanların sayı olduqca çoxdur. Bu da ilk növbədə kikboksinqin özünümüdafiə sənəti hesab edilməsi ilə əlaqədardır.

Kikboksinqin tarixi, növləri…

Kikboksinq müxtəlif texnikaların birləşdiyi müdafiə və hücum idmanıdır. Əsasında bir-birindən tamamilə fərqlənən karate, boks, muay-tay texnikaları dayanır. Burada güclə yanaşı, texniki bilik də böyük əhəmiyyət daşıyır. Kikboksinq ən ağır idman növlərindən biri hesab olunur. Ayaq və əl zərbələri eyni vaxtda işləndiyi üçün xüsusi əlcək, dəbilqə və diş üçün qoruyuculardan istifadə etmək mütləqdir.

Kikboksinq gənc idman növlərindəndir. Bu, əsasən XX əsrin 60-70-ci illərində təşəkkül tapıb. Tarixən Amerika kikboksinqinə, yapon kikboksinqinə və solo kompozisiyalara (musiqi formaları) bölünür. Əsas beynəlxalq federasiyası Ümumdünya Kikboksinq Təşkilatları Assosiasiyası – WAKO-dur. Bununla yanaşı, daha kiçik və az tanınan beynəlxalq təşkilatlar da fəaliyyət göstərir.

Müasir terminologiyada kikboksinqin 3 əsas forması ayrılır:

“Semi kontakt” – bu növdə başın üstü, boyun və bel hissələrə vurmaq qadağandır. Döyüş hər biri 2 dəqiqə olmaqla döyüş raundda keçirilir.

“Layt kontakt” – xüsusiyyətləri “semi kontakt”la əsasən eyni olsa da, bu növdə sürət daha vacibdir. Döyüş adətən dayandırılmır, xal hesabı və ya nokautla bitir.

“Ful kontakt” – kikboksinqin peşəkar forması hesab olunur. Bu növdə rəqiblə sonuna qədər mübarizə aparılır.

Azərbaycanda kikboksinq

Azərbaycan Kikboksinq Federasiyasının tarixi 1993-cü ildən başlanır. Həmin zaman təşkilatın adı AKMF – Azərbaycan Kikboksinq və Muay-Tay Federasiyası idi. Federasiya 1993-cü ildə Azərbaycan Respublikası Əməkdar Xadimi, Uşu Federasiyasının prezidenti Azər Həsənsoy tərəfindən yaradılıb. 2008-ci ildə İdarə Heyətinin qərarı ilə Azərbaycan Kikboksinq və Muay-Tay Federasiyası iki müstəqil təşkilatlara bölünüb. Hazırda ölkəmizdə kikboksinqin inkişafından Azərbaycan Kikboksinq Federasiyası məsuldur.

Azərbaycan Kikboksinq Federasiyası prezidenti Orxan Əliyevdir. Milli Məclisin sədr müavini Adil Əliyev isə federasiyanın fəxri prezidentidir.

Azərbaycan üçün kikboksinq üzrə ilk qızıl medalı 1995-ci ildə Ukraynanın paytaxtı Kiyevdə keçirilən dünya çempionatında WAKO versiyası üzrə döyüşən Roman Tağıyev qazanıb. Həmin yarışda Canpolad Budaqov və Ceyhun Şadlinski də medalçı olub. Bundan sonra beynəlxalq yarışlarda Azərbaycan idmançıları çoxsaylı medallar əldə edib. Eduard Məmmədov, Ehram Məcidov, Pərviz Abdullayev, Zabit Səmədov, Alim Nəbiyev, Ramal Aslanov bu növdə Azərbaycanın ən tanınmış idmançıları sırasındadır.

Son nəticələrə gəlincə, Türkiyənin Konya şəhərində keçirilmiş V İslam Həmrəyliyi Oyunlarına 24 idmançı ilə qatılan Azərbaycan kikboksinq millisi İslamiadanı 15 medalla tamamlayıb. Bunlardan 3-ü qızıl, 5-i gümüş və 7-si bürünc olub. Yekun sıralamada milli kikboksinq yarışlarında ilk “3-lüy”ə düşüb. Komanda yalnız Türkiyə və Qazaxıstandan geri qalıb.

Bu ay isə yeniyetmə və gənclərdən ibarət millimiz İtaliyanın Yezolo şəhərində keçirilən dünya çempionatında tarixi nəticəyə imza atıb. Azərbaycan millisi ilk dəfə 20 medal (7-si qızıl, 6-sı gümüş və 7-si bürünc) qazanıb.

Ümumilikdə Azərbaycanın kikboksinq milliləri bu il 4 beynəlxalq turnirdə iştirak edib və ölkəmizə 85 medal gətirib. Bunlardan 24-ü qızıl, 20-si gümüş və 41-i bürünc medaldır. Gələn ay keçiriləcək Avropa çempionatında da idmançılarımızdan gözləntilər böyükdür.

Azərbaycanda kikboksinqin mövcud durumu barədə milli komandanın baş məşqçisi Elşən Abdulrəhimovla söhbətləşdik. O, bu idman növünün ölkəmizdə geniş yayıldığını, federasiyanın lazım olan bütün şəraiti yaratdığını söylədi:

“Azərbaycanda kikboksinq çox populyardır. Ümumən, bu idman növü keçən əsrin 60-cı illərində əsasən ABŞ-da təşəkkül tapıb. Azərbaycanda isə 1992-ci ildən məşhurlaşıb. Həmin vaxt yığma komanda yarışlarda iştirak etməyə başlayıb. Düşünürəm ki, kikboksinqin hazırkı səviyyəsi normaldır. İslam Oyunlarında tarixdə ilk dəfə proqrama daxil edildi.

“Lou-kik”, “kik laytt”, “K-1” qaydaları, “ful kontakt”, “layt kontakt”, “semi kontakt” növləri üzrə uğurlu idmançılarımız var. Bizdə ən geniş yayılan isə “lou kik” və “K-1” qaydalarıdır. Bura “ful kontakt”ı da əlavə etmək olar. Hər 3 növdə dünya çempionlarımız var. WAKO-da ən çox qələbə qazanan Eduard Məmmədovdur. Ramal Aslanov 4 dəfə dünya çempionatının finalında döyüşüb, 1-də qalib gəlib, 3 dəfə də Avropa çempionatında final görüşünə çıxıb. Hazırda da kifayət qədər perspektivli gənclərimiz var.

Federasiyanın yaratdığı şərait çox yaxşıdır. Yarışlara rahat hazırlaşır, təlim-məşq toplanışları keçirik. Federasiya səfərlərimizi yüksək səviyyədə təşkil edir”.

Azərbaycan Kikboksinq federasiyasının vitse-prezidenti Ramal Aslanovdur. O həm də aktiv şəkildə bu idman növü ilə məşğul olur.

Aslanovun həm idmançı, həm də federasiya rəsmisi kimi fikirlərini öyrəndik. O, pandemiyadan sonrakı dövrdə qazanılan nəticələrin inkişafın yüksək səviyyədə getdiyinin göstəricisi olduğunu bildirdi:

“Son iki ildə göstərdiyimiz nəticələr onu deməyə əsas verir ki, inkişaf yüksək səviyyədə gedir. Son olaraq gənclər arasında dünya çempionatında 20 medal qazandıq. Bunlardan 7-si qızıl, 6-sı gümüş və 7-si bürünc oldu. Qarşıda bizi noyabrda Avropa çempionatı gözləyir. Dünya sıralamasında komanda hesabında adətən ilk “3-lüy”ə düşürük. Son İslam Həmrəyliyi Oyunlarında da Azərbaycan idmançıları ümumi sıralamada 3-cü nəticəni göstərdi”.

Həmsöhbətimiz kikboksinqin Azərbaycanda çox populyar olduğunu, amma bunu daha da genişləndirmək üçün addımlar atdıqlarını söylədi:

“Federasiyanın fəxri prezidenti, Milli Məclisin sədr müavini cənab Adil Əliyev 20 ildən çoxdur, kikboksinqin inkişafı üçün əlindən gələni edir, dəstəyini əsirgəmir. Federasiya prezidenti Orxan müəllim bu istiqamətdə böyük işlər görür. Bizdə hər ay ölkədaxili klub yarışları, çempionatlar keçirilir. Orada gənclər həm özlərini göstərir, həm də təcrübə qazanırlar. Son olaraq böyüklərin çempionatında qızıl medal qazanan Anar Məmmədova federasiya tərəfindən maşın hədiyyə edildi. Bu da yeniyetmə və gənc idmançılara əlavə motivasiya verir. Kikboksinqin 2028-ci il Yay Olimpiya Oyunlarının proqramına daxil edilmək şansı digər namizəd idman növləri ilə müqayisədə çoxdur. Səsvermədə də ilk yerdədir. İslam Həmrəyliyi Oyunları, Avropa Oyunlarına daxil oldu. Sonuncu mərhələ də Olimpiadadır. Ümumən, Azərbaycanda kikboksinq populyar olmasına görə digər idman növlərindən seçilir. Ölkədə 100-dən artıq klub, 10 mindən artıq idmançı var. Bu da say baxımından göstərir ki, kikboksinq necə geniş yayılıb. Məqsədlərimizdən biri miqyası daha da genişləndirməkdir”.

“Bu, 7 Olimpiya qızılı deməkdir”

Əldə etdiyi hər şeyin kikboksinq sayəsində olduğunu qeyd edən Ramal Aslanov bu idman növünün azərbaycanlıların ruhuna yaxın olduğunu bildirdi:

“Qarşıdakı Avropa çempionatında özüm də döyüşəcəyəm. İslamiadada gümüş medal əldə etdim. Ümumiyyətlə, qazandığım hər şeydə, cəmiyyətdə tanınmağımda bu idman növünün böyük rolu var. Dövlət mənə mənzil də bağışlayıb. Hamısı idman sayəsindədir. Başqa qazancım olmayıb.

Kikboksinq sərt idman növüdür. Azərbaycanlılar da, maşallah, döyüşkən xalqdır. Fiziki güclüyük. Kikboksinqdə bütün zərbələr – əl , ayaq, diz var. Hesab edirəm ki, bu, xalq olaraq ruhumuza yaxın idman növüdür. Şərt o deyil ki, bir uşaq, yeniyetmə gəlib, dünya, Avropa çempionu olsun. İlk növbədə kikboksinq sayəsində özünü müdafiə etməyi bacaracaq, sağlam olacaq. Eyni zamanda ölkəmiz üçün güclü əsgər kimi yetişəcək. Müharibədə də kikboksçuların arasında şəhidlər oldu, qazilər qayıtdı. Bu, bizim üçün fəxrdir. Təmsilçilərimiz hər yerdə seçilir. Yüksək vəzifə tutan kiksboksçular var. Həm gücləri, həm ağılları ilə fərqlənirlər”.

Aslanov qarşıdakı Avropa çempionatına bir neçə gənc idmançını aparmaq niyyətində olduqlarını söylədi:

“Gənclərin son çempionatında qızıl medal əldə edən 3 idmançı seçmişəm. Onların böyüklər arasında Avropa çempionatına getmək şansı var. Həmin idmançıları yoxlayacağıq. Yoxlama döyüşlərində qalib gəlsələr, Avropa çempionatına gedəcəklər. Gənclər arasında 7 qızıl medalımız oldu. Hamısı perspektivli idmançılardır. Bu 7 qızıl elə 7 Olimpiya qızılı deməkdir”.

Faiq Tahirov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu