Kifir fikir

“Yeni AFFA” (bir müddət aktual olacaq ifadə) ilk ciddi addımını atdı. İcraiyyə Komitəsinin (bunun da formasına yenidən baxmağa dəyər) ilk iclası diqqətləri özünə çəkə bildi. Belə bir niyyətin olub-olmadığını bilmirəm, ancaq gözləntilərin yarısından da az miqdarda və miqyasda qərarlar verilsə də, münasibət neqativ ağırlıqlı olmadı. Bu, maraqlı ştrix kimi bir kənara qeyd olunası məqamdır. Gələcəkdə daha səhih bilinəcək – viral təbliğatın nəticəsidir, yoxsa təbii gedişat… Hələliksə yalnız onu demək olar ki, eyni qərarlar keçmiş rəhbərlik tərəfindən verilsəydi, reaksiyalar, təqdimat tam əksinə olardı.

Qərarlar haqda yazmışıq. Bir məqamı da diqqətə çatdırmaq lazımdır.

Siseron deyirdi ki, hər bir ideya fikir mübadiləsi, müzakirəsi nəticəsində yaranır.

Gördük ki, İK-nın iclasında çox danışılıb, az qərar verilib. Bir sözlə, boşluq/çatışmazlıq həddən artıqdır. Romantikaya, emosiyaya yer qalmayıb, reaktiv effektli qərarlara ehtiyac var. Bunun üçün də fikir çoxluluğu lazımdır. Amma biz fikir kifirliyi, fikir kirliliyi görürük.

Neçə gündür ölkə futbol cəmiyyətinin üzvlərinə müraciət edib İK-nln iclasından çıxan qərarlar barədə fikir bildirməyini istəyirik, ancaq müraciət etdiklərimizin böyük əksəri bu haqda “hələ danışmaq istəmir”.

AFFA gah klublara, gah futbol ictimaiyyətinə xitabən təkliflər istədiyini açıqlayır (ki bu da effektiv vasitəyə oxşamır), lakin hələ bir tutarlı təklif/ideya səslənməyib. Ağasəlim Mircavadov kimi, rəflərdə saxlanmaq üçün təqdim edirlərsə, ona bir şey deyə bilmərik, ancaq prosesə münasibət bildirməmək, müzakirədən qaçmaq anlaşılmır.

Belə çıxır ki, futbol ictimaiyyətinin əksəriyyətini iş maraqlandırır. “Danışıb pis olmaq” istəmirlər. Yalnız idman mediasında müəyyən imzalar və çox az sayda mütəxəssis müzakirələrə qoşulur, real mənzərəni ifadə edir.

Yenə ağlı, erudisiyanı “susub pis olmamağa” sərf edənlər çoxdur. Belə futbol cəmiyyəti ilə irəli getmək yox, heç yerində saymaq olmaz…

Elçin Cəlilov