“Sabah”ın sabiq futbolçusu Aleksey Kaşuk karyerasını Azərbaycanda davam etdirəcək. 24 yaşlı ukraynalı vinger “Qarabağ”la razılaşıb. Keçidin yaxın zamanda açıqlanması gözlənilir.
Kaşuk daha əvvəl də ölkəmizdə forma geyinib. O, 2022-ci ilin martından 2023-cü ilin yayına qədər “Sabah”ın uğurları üçün çalışıb. “Futuristlər”dəki çıxışı ilə diqqətləri üzərinə çəkməyi bacaran vinger daha sonra müqavilə ilə məxsus olduğu “Şaxtyor”a qayıdıb. “Futuristlər”dəki çıxışı ilə diqqətləri üzərinə çəkməyi bacaran ukrayanlı Donetsk klubunda bir müddət əsas heyətdə də yer alıb. Buna baxmayaraq, “Şaxtyor”da istədiyi şansı qazana bilməyən Kaşuk bu ilin iyulundan azad agentdir. Klubsuz qaldığı müddətdə bir neçə dəfə adı bir neçə dəfə “Qarabağ”, “Sabah”, “Neftçi” ilə yanaşı çəkilən vinger bir aya yaxındır, Bakıda idi.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bir neçə dəfə mətbuat konfransında Kaşukla bağlı suallara cavab olaraq, onunla danışıq aparmadıqlarını bildirmişdi. Görünür, danışıqlar gizli saxlanılıb və artıq razılıq əldə edilib.
Kaşuk karyerasının ən yaxşı dönəmini “Sabah”da keçirib. Azərbaycan Premyer Liqasında 39 oyunda 18 qol, 12 məhsuldar ötürmə ilə oynayan və komandanın tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanmasına böyük pay sahibi olan Alekseyin indi hansı durumda olduğu sual altındadır. O, ötən mövsümdə “Şaxtyor”la cəmi 12 oyunda meydana çıxıb və 4 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Hər bir halda, Qurbanovun daha əvvəl neçə “sönmüş ulduzu” yenidən formasına qaytarmağının şahidi olmuşuq. Bunun son misalı kimi Yassin Benzianı da qeyd etmək olar.
Kaşukun “Qarabağ” üçün faydalı olacağını demək olar. Cinahlarda sürətli reydi və ağıllı ötürmələri ilə “Sabah”da əla performans nümayiş etdirən Kaşuk xüsusilə, avrokubok oyunları ərəfəsində Qurbanov üçün əla rotasiya imkanı yaradacaq.