“Qarabağ” ukraynalı vinger Aleksey Kaşukla anlaşıb. Daha əvvəl ölkəmizdə “Sabah”da forma geyinən futbolçu bu dəfə “atlılar”ın uğurları üçün çalışacaq.
Azərbaycan yığmasının sabiq futbolçusu Saşa Yunisoğlu “FutbolPress“ə açıqlamasında Kaşukun “Qarabağ”a keçidini şərh etdi:
“Kaşukun “Qarabağ”a keçidi gözlənilən idi. 2-3 ay idi, bu haqda danışılırdı. Aleksey çox yaxşı və keyfiyyətli futbolçudur. Özünü bizim Premyer Liqamızda yaxşı göstərə bilib. Düşünürəm ki, “Qarabağ” uğurlu transfer edib.
Onları qarşıda uzun mövsüm gözləyir. Həm Azərbaycan Premyer Liqası, həm ölkə kuboku, həm də Avropa Liqasında mübarizə aparacaqlar. Bunun üçün heyətin geniş və keyfiyyətli olmalıdır. Kaşuk hər cəbhədə “Qarabağ”a kömək edə biləcək futbolçudur”.
“Qarabağ” Avropa Liqasının Liqa mərhələsində Niderlandın “Ayaks”, İngiltərənin “Tottenhem”, Yunanıstanın “Olimpiakos”, İsveçin “Malmö”, Norveçin “Budo Qlimt”, Rumıniyanın “Styaua” və İsveçin “Elfsborq” komandaları ilə üz-üzə gələcək. Yunisoğlu “atlılar”ın buradakı şanslarını dəyərləndirdi:
“Son illərdə “Qarabağ” Avropa səviyyəsində futbol oynayır. Artıq neçə ildir, komanda qrup mərhələlərində davamlı oynayır. Düşünürəm ki, təcrübə və keyfiyyət baxımında komandanın problemi yoxdur. Avroliqanın yeni formatı “Qarabağ” üçün əlavə şansdır. Bu il onlardan azı pley-off mərhələsinə qədər irəliləməyi gözləmək olar. “Qarabağ”a uğurlar arzu edirəm”.
Şahin Cəfərov