Belarus millisinin baş məşqçisi Karlos Alos sabah Azərbaycana qarşı keçirəcəkləri yoldaşlıq oyunundan öncə mətbuat konfransında iştirak edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırdı:
– Məşq prosesiniz necə keçdi? Süni örtüklü meydançadan təbi ot örtüklü meydançaya keçid sabahkı oyunda sizə kömək edəcək?
– İki fərqli meydançada oynamaq çətindir. Həmçinin biz iki fərqli hava şəraitində çıxış edəcəyik. Türkmənistanla oyunda hava isti, meydança isə süni ot örtüklü idi. Bu dəfə isə əksidir. Bura tez gəlmişik. Adaptasiya olduq və oyuna hazırıq. İki oyun arasında müqayisə aparmaq istəmirəm. Fərqli oyunlara şahid olacağıq.
– İçinizdə elə bir hiss varmı ki, hələ də havaya öyrəşməmisiz? Oyunçularınızın hamısı sabah oynaya biləcəkmi?
– Heyətin hamısı hazırdır. Problem yoxdur. Sadəcə sabahkı matçla bağlı yekun heyətin təsdiq edilməsi qalıb.
– Azərbaycan millisi hazırda pis vəziyyətdədir və həm mətbuat, həm də azarkeşlər tərəfdən təzyiq altındadır. Deyə bilərikmi ki, sabahkı matçda Belarus millisi psixoloji baxımdan daha yaxşı durumdadır?
– Futbolda hər zaman təzyiq var. Sabahkı görüşdə məğlub olsaq, biz də təzyiq altda olacağıq. Azərbaycan çox yaxşı komandadır. Rəqibə hörmətlə yanaşırıq. Həmçinin burada keçirdiyimiz son oyunda biz məğlub olmuşuq. Sabahkı oyun da rahat olmayacaq. Hətta son oyunumzdakı məğlubiyyət də komanda üçün motivasiya ola bilər. Əlbətə, qələbə üçün meydana çıxacayıq. Yoldaşlıq matçı olduğu üçün müəyyən rotasiyaları sınaqdan keçirə biləcəyik.
– Fernando Santuş Yunanıstan, Portuqaliya kimi milliləri çalışdırmış təcrübəli şəxsdir. Onun artıq bir oyun stili var. Siz də ona uyğun hazırlıqlarınızı aparmısız?
– Santuş top səviyyəli məşqçilərdəndir. Ona hörmətim böyükdür. Klub səviyyəsində “Porto”, “Benfika”, milli səviyyədə isə “Portuqaliya” kimi komandaya rəhbərlik edib. Oyun üslubuna gəldikdə, şərtlər və oyunçular fərqli olub. Ona görə də fərqli komandalarla oyun üslublarını müqayisə etmək çətindir. Biz sadəcə qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
Mirkamal Kazım