“Turan Tovuz” Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünü altıncı sırada başa vurub. Komandanın kapitanı Şəhriyar Əliyev “FutbolPress“ə açıqlamasında bölgə təmsilçisinin çıxışını dəyərləndirdi:
“İldən-ilə daha yaxşı olmağa çalışırıq. Ağır mövsüm keçirdik, daha üst pillələrdə ola bilərdik. Fərdi səhvlərdən buraxılan qollar olmasaydı, daha üst pillələri tutardıq. Yeni yaranmış komandayıq və nəticəni qənaətbəxş hesab edirəm”.
Əliyevin klubla müqaviləsinin müddəti başa çatıb. Müdafiəçi rəhbərliklə danışıqlar apardıqlarını, ancaq hələ gələcəyi ilə bağlı qərar vermədiyini dedi:
“Klubla danışıqlarımız olub. Hələ qətiləşən nəsə yoxdur. Qarşıdakı həftələrdə necə olacağı bilinəcək”.
Kapitan baş məşqçi Ayxan Abbasovun gözlənilməz ayrılığına da toxundu:
“Açığı, Ayxan müəllimin gedişi gözlənilməz oldu. Onun ayrılığı futbolçulara da təsir etdi. Abbasovun rəhbərliyi altında yaxşı işlər görmüşük. Son mövsümdə də pis oynamadıq”.
Şəhriyar millinin Albaniya və Qazaxıstanla oyunları üçün heyətə çağırılmamasına münasibət bildirdi:
“Hamı millidə olmaq istəyər. Dəvət almadım, indi qarşıma məqsəd qoyub, daha artırmalıyam. Milliyə uğurlar arzu edirəm. Hamı istəyər ki, milli yaxşı nəticələr əldə etsin, xalqımızı, azarkeşləri sevindirsin”.
Şahin Cəfərov