Kapitan: “Qəbələ” hara layiqdirsə, orda olmalıdır” (MÜSAHİBƏ)

“Qəbələ”nin Kapitanı Asif Məmmədov klubun saytına müsahibə verib.

Futbolpress.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi yeni mövsümə hazırlığı dəyərləndirib və komandanın məqsədindən danışıb.

– Komandanın hazırlıq prosesi necə gedir?
– Hazırlıq istədiyimiz səviyyədədir. Əvvəldən necə fikirləşmişdiksə, o cür də davam edirik. Şükür ki, indiyə qədər zədəli oyunçumuz da yalnız bir nəfər olub. Bu günə qədər problemsiz addımlamışıq. Ümid edirəm ki, bundan sonra da hər şey istədiyimiz kimi olar və hazırlıq prosesini başa çatdırıb çempionata maksimum güclə start verərik.

– Yoldaşlıq görüşlərində komandanın göstərdiyi oyun necədir? Səncə, məşqçilər heyəti oyununuzdan razı qalır?
– Yoxlama oyunlarının birində heç-heçə etsək də, digərlərinin hamısında qələbə qazanmışıq. Amma təbii ki, çatışmayan bəzi nüanslar var ki, onları da məşqçilərimiz sayəsində aradan qaldıracağıq. Lakin ilkin baxışdan hər şey qənaətbəxşdir.

– Komanda daxilində ab-hava necədir?
– Komandamızda daxili ab-hava da çox yaxşıdır. Yenə deyirəm, hər şey istədiyimiz kimi keçir. Bir yoxlama oyunumuz qalıb. Ondan sonra isə artıq çempionat oyunları başlayacaq. Bir ay müddətində məşqlərimizdə fiziki və texniki tərəflər üzərində çox işlədik.

– Yəqin ki, futbolçular, həmçinin də inzibati heyət olaraq əsas məqsəd yenidən Premyer Liqaya yüksəlməkdir…
– Nəinki futbolçular, məşqçilər heyəti, inzibati heyət, hətta avtobus sürücüsündən tutmuş qaldığımız otelin işçilərinə kimi hamı buna inanır, bu məqsədə köklənib. Çünki, bizim başqa çıxış yolumuz da yoxdur. “Qəbələ” harada lazımdır, hara layiqdirsə, orda olmalıdır.

– Necə düşünürsən, komanda hazırda bu potensialda, rəqabətə hazır durumdadırmı?
– Bəli. Rəhbərlik tərəfindən də nə lazımdırsa təşkil olunub. Kaxaber Tsxadadze kimi baş məşqçinin burda saxlanılmasından elə hər şey bəlli idi ki, komanda yalnız çempionluq uğrunda vuruşacaq.

– Heyətdə sizin kimi təcrübəlilərlə yanaşı, gənc, akademiya yetirməsi olan futbolçular və legionerlər də var. Münasibətdə anlaşma, psixoloji durum necədir?
– Qeyd etdiyiniz kimi, təcrübəli futbolçular olaraq hər birimiz əlimizdən gələni edirik ki, yeni gələn legionerlər, gənc oyunçular komandaya tez adaptasiya olsunlar. Legionerlər sıxılmasınlar. Baş məşqçimiz də elə biridir ki, onun rəhbərliyi altında başqa cür ola da bilməz. O da əlindən gələn hər şeyi edir. Təcrübəli futbolçular olsa da, meydanda hər birimiz eyni pillədə olmuş oluruq. Ona görə bu hər birimiz baş məşqçinin verdiyi tapşırıqlara sözsüz əməl etməliyik. Məncə, hər kəs də buna hazırdır.

– Yəqin ki, gənc futbolçular da təcrübələrinizdən yararlanır…
– Bəli, istər meydanda, istərsə də, meydandan kənarda əlimizdən gələn dəstəyi veririk ki, özlərini peşəkar futbolçu kimi hiss etsinlər, bu cür davransınlar.