Kapitan: “Hədəfimiz Premyer Liqada möhkəmlənməkdir”

“Şamaxı” Azərbaycan Premyer Liqasının I turunda “Sabah”la heç-heçə edib – 2:2.

Bölgə klubunun kapitanı Adil Nağıyev “FutbolPress“ə açıqlamasında matçla bağlı fikirlərini bölüşdü:

“Çətin oyun oldu. Rəqibin gücünü bilirdik. Avrokuboklarda mübarizə aparırlar və orda da mərhələ adlamaqla hər kəsi sevindirdilər. Onlara uğurlar arzu edirəm, inşallah, qruplara vəsiqə qazanarlar. Öz oyunumuza gəlincə, yaxşı nəticə üçün meydana çıxmışdıq və inamımız var idi. Bir xalı pis nəticə hesab etmirəm”.

Nağıyev 0:2-dən geridönüş etdikləri matçdan qələbə ilə ayrıla biləcəklərini söylədi:

“Yeni komandayıq, yeni legionerlərimiz var və onlar hələ tam uyğunlaşmayıb. Bəzi gənclərimiz də bu oyunda Premyer Liqada debüt etdilər. Ümumi götürsək, ikinci hissədə qələbə qolunu vura bilərdik, bununçün şanslarımız da var idi. Ancaq futboldur, bu nəticə də pis deyil. Zaman keçdikcə daha yaxşı olub, nəticələr qazanmağa çalışacağıq. Əsas olan bir komandayıq və ailə kimiyik, hamımızda inam böyükdür”.

Kapitan sonda komandanın hədəflərini də açıqladı:

“Hədəfimiz Premyer Liqada möhkəmlənməkdir. Sonrasında isə yaxşı nəticələr qazanıb, yuxarı sıralara yüksəlmək. Sponsor yoxdur, müəyyən çətinliyimiz var. Çempionatda sponsoru olmayan iki komandadan biriyik, amma bu, bəhanə deyil. Çalışacağıq ki, hər kəslə yaxşı oynayıb, mübarizə aparaq. Hər rəqibə hörmət edirik və kimdənsə çəkinmirik. İnanıram ki, bir neçə tur sonra daha yaxşı “Şamaxı” görəcəksiniz”.