Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasına hazırlıqlarını davam etdirir.
Futbolpress.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təlim-məşq toplanışından sonra millinin kapitanı Vüqar Bayramov jurnalistlərə açıqlamsında yaxşı hazırlıq keçdiklərini qeyd edib:
“Hazırlıqlarımız çox yaxşı keçir. Gənc oyunçular da bizimlə birlikdədir. Onlara lazımi dəstəyi verəcəyik. İlk görüşümüz Rumıniya seçməsinə qarşı olacaq. Təcrübəli komandadır. İkinci matçdakı rəqib isə son iki mövsümdə Qızıl Avropa Liqasında final oynayan Ukrayna yığması olacaq. Düşünürəm ki, nəticə ilə bağlı indidən fikir bildirmək tez olar. Hər şey oyunlardan sonra məlum olacaq”.
Milli komanda mübarizəyə mayın 17-də start verəcək. Mayın 17-19-da Azərbaycanda baş tutacaq ilk turda rəqiblər Rumıniya və Ukrayna yığmaları olacaq. Mayın 24-dən 26-dək Belçikada keçiriləcək ikinci turda isə milli komandamız meydan sahibi ilə yanaşı, Şimali Makedoniya yığması ilə üz-üzə gələcək. Üçüncü tur 31 may-2 iyunda Estoniyada reallaşacaq. Burada rəqiblər ev sahibi komanda və Lüksemburq olacaq.