Kabus davam edir – bu dəfə “Tofiq Bəhramov”da

“Qarabağ” Azərbaycan Premyer Liqasının XX turunda “Turan Tovuz”a məğlub olub – 1:2.

Oyunun son dəqiqələrinə kimi 1:0 üstün oynayan “atlılar” yekuna az qalmış buraxılan qollarla meydanı xalsız tərk edib. Bu, “Qarabağ”ın mövsümdəki ikinci məğlubiyyəti olub. Qurban Qurbanovun yetirmələrinə bu mövsümkü ilk məğlubiyyəti də məhz tovuzlular yaşatmışdı. “Turan Tovuz”un birinci qələbəsi “Azersun Arena”da olmuşdu. Tərəflər arasındakı Tovuzdakı matçda isə “sülh” qeydə alınıb.

Avropa Liqasında Bakıda FCSB-ya məğlub olaraq pley-off şansını itirən “Qarabağ” künc zərbələrindən üç qola üzülmüşdü. Komanda “Turan Tovuz”la da matçda korner sonrası qol buraxdı. Görünür, tovuzluların baş məşqçisi Kurban Berdıyev rəqibin yaralı yerini tapmış və bundan maksimum yararlanmağı tapşırmışdı. Yekunda Berdıyev istəyinə nail olan tərəf oldu və “Qarabağ” kimi çətin səfərdən qələbə ilə dönərək avrokubok yolunda vacib xallarını qazandı.

“Qarabağ” məğlub olsa da, ikinci pillədəki “Araz-Naxçıvan”la xal fərqi 8-dir. Qurbanovun yetirmələri çempionluğun əsas namizədidir və qarşıdakı 16 turda bu fərqin qapanması çətin görünür. Ardıcıl məğlubiyyətlər komandada motivasiya baxımından eniş yaşadıb. “Qarabağ” demək olar, hər mövsüm belə uğursuz və qısa period keçirir. Buna baxmayaraq, yenidən qalxmağı bacaran “Qarabağ” nəticələrlə çempionatda rəqiblərindən bir yox, bir neçə baş üstün olduğunu göstərir.

Şahin Cəfərov