“Karvan” Azərbaycan I Liqasının VIII turunda “Qəbələ”yə məğlub olub. Yevlax şəhər stadionunda baş tutan görüş “qırmızı-qaralar”ın minimal hesablı qələbəsiylə başa çatıb.
Görüş mübahisəli epizodlarla daha çox diqqətə düşüb. Meydan sahibləri oyunun baş hakimi Tural Qurbanovu qərəzli idarəçilikdə ittiham edib.
“Karvan”ın baş məşqçisi Kənan Kərimov “FutbolPress“ə açıqlamasında böyük narazılıq ifadə etdi:
“Qəbələ”yə yox, hakimlərə uduzduq. Kiçik foullarla oyunumuzu “sındırdılar”. Uşaqlarımın əziyyətinə heyif… Haqqımızı yedilər, 100 faizlik penalti epizodlarımızı vermədilər. Tural kimi hakimlər belə şeylərdə peşəkarlaşıblar. Xahiş edirəm, referilərin işinə diqqət ayrılsın. Federasiyada kimin bunlara rəhbərlik etdiyini bilmirəm, amma görürəm ki, istədikləri komandanı məhv edə bilirlər.
Belə hakimlik olmaz. “Qəbələ”yə sözüm yoxdur. Güclü kollektivdirlər. Lakin onlar belə hakimin ümidinə qalmayıblar. Matçda yaxşı mübarizə aparsaq da, hakimlər haqqımızı yedi. Biz rəqibə yox, hakimlərə uduzduq”.
“Karvan” 8 turdan sonra 18 xalla ikinci sıradadır. “Qəbələ” dünənki qələbə sayəsində liderliyə yüksəlib. “Qırmızı-qaralar”ın aktivində 20 xal var.
Şahin Cəfərov