Bu gün Azərbaycan I Liqasında 2024/25 mövsümünə start veriləcək.
Açılış günündə bir oyun keçiriləcək. Yevlaxın “Karvan” komandası azarkeşləri önündə “Qaradağ Lökbatan”ın müqavimətini qırmağa çalışacaq. Görüşə saat 17:00-da start veriləcək.
“Karvan”ın baş məşqçisi Kənan Kərimov “FutbolPress”ə açıqlamasında startla bağlı fikirlərini bölüşdü:
“Rəqibimiz ciddi komandadır. Ötən il son turlarda çempionluğu əldən verdilər. Güclü komandaya qarşı oynayacağıq. Açılış oyunları həmişə çətin olur. Azarkeşlərimizi sevindirmək istəyirik. Çalışacağıq ki, yaxşı oyunla üç xalımızı qazanaq”.
Kərimov mövsümə hazırlıqlarını dəyərləndirdi:
“Komandamızın demək olar, 80 faizi hazırdır. Transfer dönəmində müəyyən çətinliklər oldu. Yerli oyunçular sarıdan qıtlıq var idi və bəzi oyunçular yüksək məbləğlər istədilər. Buna baxmayaraq, transferlərimizə güvənirik və hədəfimiz “üçlük”də olmaqdır”.