Kərimov: “Sonuncu pilləni tutan komanda elitanı tərk etməlidir”

I Liqanın iddialı komandalarından olan “Karvan” bu gün doğma meydanda MOİK-i (3:1) məğlub etdi.

Yevlax təmsilçisi ən yaxın izləyicisi “İmişli”nin məğlubiyyətindən, maksimum yararlanaraq, Premyer Liqaya yüksəlmək şanslarını daha da artırdı.

Bölgə klubunun baş məşqçisi Kənan Kərimov “FutbolPress”ə açıqlama verərək, komandanın hazırki durumuyla bağlı fikirlərini bölüşdü:

“Ümumi götürdükdə, mövsümün sonuna təqribən 13-14 tur var. Yəni oyunların sayına görə müqayisə etsək, ən yaxın izləyicimizlə aradakı 5 xal bizə heç bir rahatlıq verə bilməz. Çünki bu, o qədər də böyük fərq deyil. 1-2 oyunla da bunu itirə bilərik. Əlbəttə, heç bir qələbəni asan qazanmamışıq. Qarşıda uzun marafon var və önümüzdəki oyunlara köklənib, xallar toplamalıyıq ki, yerimizi qoruya bilək”.

48 yaşlı mütəxəssis müdafiə xəttini gücləndirəcəklərini bildirdi:

“Müdafiəni gücləndirmək barədə düşünürük. Çünki sezon başlayandan bəri, bu mövqeylə bağlı böyük problemlər yaşamışıq. Hətta bugünkü oyunda belə arxa xətdə problemlərimiz var idi. Hansı ki, sağ cinah müdafiəçisini mərkəzdə oynatdım. Çox güman ki, legioner müdafiəçi cəlb edəcəyik. Çünki qışda yerli oyunçu tapmaq çətindir. Axtarışlarımız davam edir”.

Təcrübəli çalışdırıcı AFFA İcariyyə Komitəsinin sonuncu baş tutan iclasında növbəti mövsümdən etibarən Premyer Liqada komanda sayının artırılıb 12-yə çatdırılmasını alqışladı. Lakin, hazıki durumda daha çox müzakirə olunan elitanın sonucusu ilə I liqanın üçüncüsü arasında keçiriləcəyi düşünülən pley-off məsələsinin idman prinsiplərinə qarşı olduğunu dilə gətirdi:

“Komanda sayının artırılması baxımından qəbul edilən qərarlar çox xoşdur. İndidən Premyer Liqa hazırlığı barədə danışmaq istəmirəm. İki mövsüm idi ki, idman prinsiplərinə əməl olunurdu. Bunun nəticəsində də “Şamaxı” və “Qəbələ” elitadan düşdü. Premyer Liqanın sonuncusu ilə I liqanın üçüncüsü arasında pley-off keçirilməsi heç bir məntiqə uyğun deyil. Həm maliyyə, həm infrastruktur, həm də heyət baxımından bu, doğru deyil. Elita komandaları 8 legioner oynadır, amma I liaqada bu rəqəm 3-dən artıq deyil. Nəzərə də almaq lazımdır ki, legionerlər arasında böyük səviyyə fərqi var. Ona görə də pley-off məsələsi idman prinsiplərinə ziddir. Düşünürəm ki, sonuncu pilləni tutan komanda yenə elitanı tərk etməlidir. Bu, daha ədalətli qərardır”.

Qeyd edək ki, hazırda 14 turdan sonra aktivində 29 xalı olan “Karvan” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Yevlaxlıları lider “Qəbələ”dən 7 xal ayırır.

Mirkamal Kazım