“Karvan” Azərbaycan I Liqasının V turunda “İmişli”ni 3:2 hesabıyla məğlub edib. Yevlax təmsilçisi matçın ikinci hissəsində geri düşsə də, sonda qələbə qazanan tərəf olub.
“Karvan”ın baş məşqçisi Kənan Kərimov “FutbolPress“ə açıqlamasında qələbəni şərh etdi:
“Oyun çox gərgin mübarizə şəraitində keçdi. Çempionatın ən baxımlı matçlarından oldu. İndi çox danışmaq istəmirəm, azarkeşlərə təşəkkür edirəm. Futbolçularım da xarakter göstərdilər. Birinci öndə olsaq da, sonra geri düşdük. Buna baxmayaraq, uşaqlar xarakter nümayiş etdirərək, geridönüş etdilər. “İmişli” də çempionluq üçün mübarizə aparır. Onların gücünü bilirdik və çətin keçən oyunda xarakter göstərib, qələbə qazandıq”.
Yevlax təmsilçisi mövsümə uğurlu start verib. Komanda 5 turdan sonra maksimum nəticə göstərərək (15 xal) birinci sırada qərarlaşıb. Kərimov bu seriyanın davamını gətirmək istədiklərini bildirdi:
“Bu heyət mövsümün birinci dövrəsini yaxşı keçirməyə kifayət edir. Daha sonra baxacağıq və gücləndirməli olduğumuz mövqelər üçün çalışmalarımız olacaq. Yaxşı seriya yaxalamışıq və inşallah, bunun davamını gətirməyə çalışacağıq”.
Mütəxəssis I Liqada rəqabətin artdığını da qeyd etdi:
“Çempionatda fərq var, rəqabət artıb. Oyunlar çətin keçir. Bütün komandalar arasında ciddi mübarizə gedir, kimisi düşməmək üçün, kimisi də liderlik üçün yarışır. Kim layiqdirsə, çempion da o olsun”.
Şahin Cəfərov