“Kəpəz” ötən gün nominal meydan sahibi olduğu Tovuz şəhər stadionunda ardıcıl ikinci qələbəsini qazandı. İki tur öncə elə bu meydanda şəhərin eyniadlı – “Turan Tovuz” klubunu 5:2 hesabla məğlub edən “sarı-göylər” bu dəfə “Sabah”ı (3:2) üstələdi. Hər iki qarşılaşmanın oxşar cəhəti Azər Bağırovun yetirmələrinin matçda geridönüşlə yadda qalmasıdır. Beləliklə, elitada qalmaq uğrunda ötən tur səfərdə “Səbail”ə (0:1) uduzan Gəncə təmsilçisi, yenidən xal ehtiyatını artırıb 17-yə çatdıraraq, onlardan bir matç az keçirən “dənizçilər”i geridə qoydu.
Bağırovun mövsümün ikinci yarısında qarşılaşdığı ilk “5-lik”dəki komandalara qarşı bu cür nəaliyyət qazanması, komandanın “dişli” olduğunu göstərir. Həmçinin fasilədən sonra gəncəlilərin keçirdiyi hər üç görüşə baxdıqda, kollektivin ilk dəqiqələrdə konsentrasiya problemi yaşadağını və ikinci hissədə daha yaxşı performans sərgilədiyi görünür. Hazırki gedişat Gəncə klubunun hər bir rəqibinə qarşı mübarizə aparmaq potensialında olduğunu bildirir.
“Sabah”a gəlincə, elə oyundan sonra keçirilən mətbuat konfransında baş məşqçi Vasili Berezutskinin dediyi kimi, əgər hər epizodlar qolla nəticələnəcəksə, çoxlu fərdi səhvlərə yol veriləcəksə, komandanın uğur qazanması çətindir. Avrokuboklara vəsiqə qazanmaq yolunda iddialı olan komanda üçün belə nöqsanlar yolverilməzdir.
Mirkamal Kazım