“Kəpəz”in legioneri: “Premyer Liqada qalacağıq”

“Kəpəz” Premyer Liqanın XII turunda “Səbail”i məğlub edib – 1:0.

Gəncə təmsilçisinin kapitanı Yeqor Xvalko “FutbolPress“ə açıqlamasında qələbə haqda danışdı:

“Çətin oyun olacağını bilirdik. Hər iki komanda xallar qazanmaq istəyirdi. Son dəqiqələrə kimi bərabər oyun gedirdi. Lakin yekunda bir qol vurub, qələbə qazana bildik. Hər məşqçinin gəlişindən sonra dəyişikliklər olur. İndi konkret nələrisə demək istəmirəm. Ancaq yeni baş məşqçi komandaya dəyişikliklər gətirdi”.

“Kəpəz” XIII turda “Sabah”ın qonağı olacaq. Müdafiəçi görüşdən gözləntilərini bölüşdü:

“Sabah”la oyun çətin olacaq. Onlara qarşı birinci dövrədə ağır oyun keçirmişdik. İndi səfərdəyik və inanıram ki, xallar qazanacağıq”.

Kapitan sonda Premyer Liqada qalacaqları barədə söz verdi:

“İnanıram ki, komandamız elitadakı yerini qoruyacaq. Buna potensialımız və gücümüz var”.

Şahin Cəfərov