Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Kəpəz” futbolçusu Yeqor Xvalkonu komandada saxlayıb. Gəncə təmsilçisi belaruslu müdafiəçi ilə sözləşməni 2025-ci ilin yayına kimi artırıb.
Xvalko yeni müqavilə və komandadakı hədəfləri, Premyer Liqadakı rəqabət haqda “FutbolPress“in suallarını cavablandırdı:
– Gedişin gözlənilsə də, komandada qaldın. Yeni müqavilə haqda fikirlərin nədir?
– Bəli, “Kəpəz”də qaldım. Bu komandada olmaqdan məmnunam.
– Başqa təkliflərin var idi?
– Var idi, ancaq indi bu haqda danışmağın mənası yoxdur. Çünki artıq “Kəpəz”in futbolçusuyam.
– Yeni mövsümlə bağlı hədəflər nə olacaq, danışmısınızmı?
– Hələ bilmirəm, istirahətdəyəm və düşünürəm ki, qayıtdıqdan sonra söhbətimiz olacaq. Rəhbərlik qarşımıza müəyyən məqsəd qoyacaq. Hamı bilir ki, futbolda maliyyə böyük rol oynayır. Bununla yanaşı, komandanın özəyini də saxlamaq lazımdır. Bunlardan sonra yüksək yerlər haqda düşünmək olar.
– Ayrılıqların çox olacağı gözlənilir. Bu fonda komandadan yeni mövsümdə yaxşı nəticə gözləmək olar?
– Çətin olacaq. Özünüz də görürsünüz ki, ötən il yeni yığılan komanda olduq. Məşqçilərin də tələblərinə uyğunlaşmaq üçün vaxt lazım idi. Məncə, maraqlı mövsüm olacaq.
– Bir neçə ildir, Azərbaycandasan. “Kəpəz”də və ölkə futbolunda hansı dəyişiklikləri müşahidə etmisən?
– Öz komandam haqda danışmaq istəyirəm. İki məşq meydançamız, akademiyamız, bazamız var. Yeni stadion da bir ilə hazır olmalıdır. Bunun inkişaf olduğunu düşünürəm. Digər komandalarda vəziyyət nədir, deyə bilmərəm.
– Ötən mövsümlə bağlı fikirlərin nədir?
– Maraqlı və rəqabətli mövsüm keçdi. Düşünürəm ki, hər kəs layiq olduğu yeri tutdu. Rəqabət də yaxşı idi. “Qarabağ” istisna olmaqla, digər klublar eynidir. Yalnız onlar hamıdan üstündür.
– Sənə ən çox çətinlik yaradan hücumçu kim oldu?
– “Qarabağ”ın forvardı Juninyo. Çox sürətlidir və boşluqları görə bilir. Avrokuboklardakı çıxışını da izlədiniz, statistikası da hər şeyi deyir.
– Son olaraq, Azərbaycanda oynamaq istədiyiniz başqa klub var?
– Bu mövzuda fikirləşməyin mənası yoxdur. “Kəpəz”in futbolçusuyam və özümü bura aid hiss edirəm.
Şahin Cəfərov