“Kəpəz”də Bağırov dönəmi

“Kəpəz”in yeni baş məşqçisi məlum olub. Gəncə təmsilçisində Adil Şükürovun ayrılığından sonra bu vəzifəyə Azər Bağırov təyin ediləcək. Tərəflər arasında artıq razılıq əldə edilib.

Bağırov “FutbolPress“ə məlumatı təkzib etsə də, etibarlı mənbədən aldığımız bilgiyə görə, mütəxəssisin təyinatı artıq reallaşıb və yaxın zamanda rəsmən açıqlanacaq.

Azər Bağırov son olaraq “Araz-Naxçıvan”a rəhbərlik edib. O, bu ilin fevralından işsiz idi.

“Kəpəz” Premyer Liqada 4 turdan sonra xalsızdır və sonuncu pillədə qərarlaşıb. Şükürov məhz komandanın uğursuz çıxışına görə vəzifəsini tərk edib. O, 2023-cü ilin noyabrından gəncəlilərə rəhbərlik edirdi. “Kəpəz” ötən mövsümü 35 xalla 9-cu sırada bitirmişdi.