Kərimov final haqda: “Kiminsə aşkar üstün olduğunu demək çətindir”

Sabah Azərbaycan Kubokunun sahibinin adına aydınlıq gələcək. Həlledici qarşılaşmada “Qarabağ” və bir zamanlar Ağdam klubunun kapitanı Rəşad Sadıqovun rəhbərlik etdiyi “Zirə” qarşılaşacaq. Matç 20:00-da “Liv Bona Dea Arena” start götürəcək.

Milli komandanın və “Qarabağ”ın sabiq üzvü Aslan Kərimov “FutbolPress”ə açıqlamasında matçla bağlı fikirlərini bölüşdü:

“Zirə”nin Premyer Liqada ikinci olmasından sonra yaranan fikir var ki, komanda final oyununa tam ciddi şəkildə yanaşmayacaq. Amma düşünürəm ki, bunun əksini görəcəyik. Futbolçuların üzərində təzyiq yüksək olduqda performaslarını açıq şəkildə göstərə bilmirlər. Düşünsəydik ki, “Zirə” ikinci olmayıb və avroliqa imkanları yalnız kuboku qazandığı halda olacaq, onda oyunçularda böyük stress ola bilərdi. Məsuliyyətləri böyük olacaqdı. “Zirə” ikinci yeri təmin edib, bu oyuna səthi yanaşacaq” fikri ilə razılaşsaq, onda “Qarabağ” da birincliliyi təmin edib. O zaman Ağdam klubu da məsələyə ciddi yanaşmamalıdır. Hər iki komanda oyunun dadını çıxarmağa çalışacaq”.

Kərimov cütün favoritini də açıqladı:

“2022-ci ildəki kubokun finalı ilə sabahkı matçı müqayisə edəsi olsaq, demək olar ki, hər iki komanda güclənib. Həmin il “Zirə” oyunu penaltilərə qədər apara bilmişdi. Lakin final bir matçdan ibarətdir. Kiminsə aşkar üstün olduğunu demək çətindir. Düzdür, “Qarabağ”ın potensialı daha yüksəkdir. Tək seriyalı finallarda əsas rol oynayan komandanın gücü deyil. Matça kim yaxşı hazırlaşırsa, onlar qələbə qazanır. Kağız üzərində favorit “Qarabağ”dır. Lakin düşünürəm ki, maraqlı oyun izləyəcəyik. Zənnimcə, “Qarabağ”ın qalib gəlmək ehtimalı daha yüksəkdir. Düzü məlumatım yoxdur komanda matçda nə dərəcədə hazırdır. Hazırdırlarsa, “Zirə”nin şansları nisbətən aşağı düşür. Rəqabətli, maraqlı oyun izləyəcəyimizə inanıram”.

Məlik Məlikov