“Juninyonun nə üçün belə seçim etdiyini bilmirəm”

“Qarabağ”dan ayrılan Olavio Juninyo artıq “Flamenqo”nun düşərgəsindədir. Braziliya klubunun bu transferi rəsmi şəkildə açıqlaması an məsələsidir.

28 yaşlı forvarda ilk təklif İspaniyanın “Sevilya” kimi adlı-sanlı klubundan gəlmişdi. Bununla da Avropanın tanınmış nəşrləri, idman mənsubları diqqətini Azərbaycan çempionatında top qovan futbolçuya yönəltməsi, ölkə futbolu adına sevindirici hal idi. Lakin maliyyə cəhətdən “Flamenqo”nun daha yaxşı təklif göndərməsi Juninyonu öz vətəninə – Braziliyaya getməsinə səbəb oldu.

Azərbaycan millisinin sabiq üzvü Ceyhun Sultanov “FutbolPress”ə açıqlamasında Juninyonun “Flamenqo”ya keçidini dəyərləndirdi:

“Juninyonun “Sevilya”ya keçməməsi üzücü oldu. Çünki Avropanın tanınmış klublarından biri idi. Doğrudur, “Flamenqo” da Latın Amerikasında tanınmış, yaxşı klubdur. Biz Avropaya yaxın olmaq istəyiriksə, Juninyonun İspaniya La Liqasına getməyi sevindirici hal olardı. Qərar futbolçunundur. Nə üçün belə seçim etdiyini bilmirəm. Ancaq “Sevilya”ya keçsəydi daha çox göz qabağında olardı və fəxrlə deyərdik ki, Azərbaycan çempionatından Avropaya oyunçu satmışıq”.

Təcrübəli mütəxəssis Juninyonun pulu seçdiyini və onun Braziliya millisinin əsas heyətinə düşmək şansının az olduğunu bildirdi:

“Ümumilikdə götürsək, futbolçular pul dalıyca qaçırlar. Çünki onların futbol ömrü uzun olmadığı üçün belə düşünürlər. Həm Avropa, həm Afrika, həm də Latın Amerikasında yetişən futbolçuların düşüncələri fərqlidir. Amma futbolçuların hamısı pula meyllidir. Bu, normaldır. Fikrimcə, Juninyonun Braziliya millisinə düşmək ehtimalı azdır. Pulu da seçibsə, hörmətlə yanaşmaq lazımdır”.

Mirkamal Kazım