Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasının C Liqasının I turunda İsveçi qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşə saat 20:00-da start veriləcək.
Hər iki yığmada yeni baş məşqçi var. Azərbaycan millisində portuqaliyalı Fernandu Santuş bu gün debüt edəcəksə, rəqibin çalışdırıcısı Yon Dal Tomasson artıq komandaya 4 görüşdə rəhbərlik edib. Lakin nəticələr qənaətbəxş deyil. İsveç Tomassonun başçılığı altında 1 qələbə qazanıb, 3 dəfə uduzub. Yeganə qələbə Albaniya seçməsinə qarşı olub. Məğlubiyyətlər isə Serbiya (0:3), Danimarka (1:2) və Portuqaliya (2:5) ilə matçda qeydə alınıb.
Son nəticələrə baxdıqda, Tomassonun İsveçi müdafiədə boşluqlar verən komandadır. Son iki matçda beş qol buraxan skandinaviyalıların əsas təhlükəsi hücumdadır. Komandada Aleksander İsak, Viktor Qyökers kimi forvardlar var. Xüsusilə, Qyökers əla formadadır və bu mövsüm “Sportinq”lə 4 oyunda 7 qol vurmağı bacarıb. Bugünkü oyunda da İsveçin əsas qol ümidi o olacaq. Komandanın yarımmüdafiəsində Mattias Svanberq, Sebastian Nanasi və Deyan Kuluşevski kimi keyfiyyətli futbolçular var. İsveç müdafiəsi əvvəlki kimi güclü deyil və yeni oyunçulardan ibarət arxa xətti sürətli əks-hücumlarla yıxmaq olar.
Azərbaycan millisinə gəlincə, komanda son 5 oyunda 2 qələbə qazanıb, 1 heç-heçə edib. Yığma son olaraq yoldaşlıq görüşündə Qazaxıstana qalib gəlib (3:2). Millidə yeni baş məşqçi Fernandu Santuşun bu gün hansıs sistemlə oynayacağı maraqla gözlənilir. Matçdan öncə təşkil olunan mətbuat konfransında müdafiədə daha diqqətli olacaqlarını söyləyən mütəxəssis müdafiəyəmeyilli bir heyətlə oyuna çıxa bilər. Santuş üçün minimum hədəf bir xal qazanmaqdır və İsveç qarşısında əldə ediləcək xal uğurlu start demək olacaq. Bakıda baş tutan son görüşdə rəqibə 3:0 hesabıyla qalib gələn Azərbaycan millisi bunu təsadüf olmadığını göstərmək, isveçlilər isə revanş üçün meydana çıxacaq.
Azərbaycan yığması Millətlər Liqasında İsveçlə yanaşı, Slovakiya və Estoniya ilə qarşılaşacaq. Növbəti görüş sentyabrın 8-də Slovakiyaya qarşı səfərdə olacaq.