“Neftçi”nin legioneri: “Hədəfimiz ən yüksək yerlərdir”

“Neftçi” Premyer Liqada 7 turdan sonra qələbə qazanmayıb və bu, klub tarixinin ən pis göstəricisidir.”Ağ-qaralar”ın uğursuzluğu fonunda ciddi narazılıq var.

“Neftçi”yə bu yay qoşulan Robert Bauer “FutbolPress“ə açıqlamasında uğursuz çıxışla bağlı fikirlərini bölüşdü:

“Mövsüm çətin başladı. Yeni oyunçular və məşqçi var. Bir-birimizə uyğunlaşmalıyıq və bunun üçün də zaman lazımdır. Hamımız birlikdə çox məşq edə bilməmişik və buna görə problemlər yaşanır”.

Alman müdafiəçi tezliklə qələbə qazanacaqlarına ümid etdiyini söylədi:

“İstəyimiz yaxşı nəticələrlə komandanı layiq olduğu yerə qaldırmaqdır. Bunun üçün də hər gün məşqlərdə çox çalışırıq. Nəticələr yaxşı deyil və azarkeşlərlə yanaşı, biz də xoşbxət deyilik. Amma ümid edirəm ki, tezliklə qələbələrlə onları sevindirə biləcəyik”.

Azərbaycan futbolunu bəyəndiyini deyən Bauer hədəflərindən söz açdı:

“Azərbaycan futbolunu bəyənirəm. Çempionatın səviyyəsi yaxşıdır və maraqlı liqadır. Hədəfimiz ən yüksək yerlərdir. Oyundan-oyuna düşünüb, qələbələr qazanmalıyıq”.

Şahin Cəfərov